EN

TRAMP “VALI ÇEVİRİR” Kreml danışıqlar anonsu verir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ Rusiyanın enerji obyektlərinə raket zərbəsi endirilməsinə kömək edəcək”

Birləşmiş Ştatlar Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək və Kiyevə Rusiyanın dərinliklərindəki enerji infrastrukturuna hücum etməyə icazə verəcək. Bundan başqa, Ukraynaya daha çox Rusiya hədəflərini vurmağa imkan verəcək silahların göndərilməsi nəzərdən keçirilir.

“AzPolitika” xəbər verir ki, bu barədə nüfuzlu “The Telegraph” öz mənbələrinə istinadla məlumat yayıb. 

Nəşr yazır ki, Birləşmiş Ştatlar NATO müttəfiqlərindən də analoji dəstək vermələrini istəyib. Qeyd olunur ki, Ukrayna bütün müharibə boyu Amerika kəşfiyyatından faydalanıb, lakin Kiyev Kremli həyati vacib gəlirdən - neftdən məhrum etmək, Rusiyanın neft emalı zavodlarına, boru kəmərlərinə və elektrik stansiyalarına zərbələr endirmək üçün əlavə yardım istəyib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Avropa ölkələrini Moskvaya qarşı sərt sanksiyaların tətbiqinə razılıq verməsi müqabilində Rusiya neftinin alınmasını dayandırmağa çağırır.

ABŞ rəsmilərinin sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsinin təsdiqlənməsi Trampın Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün torpaqları geri ala biləcəyini deməsindən bir qədər əvvəl baş verib. Bu, Kiyevin xeyrinə kəskin ritorik dəyişikliyi əks etdirdi. 

“Müharibənin Rusiyada yaratdığı iqtisadi problemləri gördükdən sonra inanıram ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün Ukraynanı öz ilkin sərhədləri daxilində geri qaytararaq döyüşmək və qalib gəlmək imkanındadır”, – ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən qısa müddət sonra yazmışdı.

ABŞ həmçinin Ukraynanın əlavə hərbi yardım, o cümlədən Moskvanı və Qərbi Rusiyanın böyük hissəsini vura bilən 2500 km mənzilli “Tomaqavk” raketləri ilə bağlı müraciətini nəzərdən keçirir.

Beləlikllə, ABŞ ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisinin dərinliklərində yerləşən enerji hədəflərinə uzaqmənzilli raketlərlə zərbə endirməsinə kömək edəcək. Unutmayaq ki, məhz neft-qaz gəlirləri Kremlin hərbi əməliyyatlar üçün əsas maliyyə mənbəyi olaraq qalır.

Onu da qeyd edək ki, bundan öncə ABŞ Senatında Ukraynaya Rusiya aktivlərinin ayda 10 milyard dollarının köçürülməsini tələb edən qətnamə təqdim edilib. Yeni qətnamə Luiziana ştatından olan respublikaçı senator Con Kennedi tərəfindən irəli sürülüb.

Bundan başqa, Trampın Ukraynaya “Tomaqavk” raketlərinin satışı ilə bağlı qərar vermək ərəfəsində olduğu qeyd edilir. Tramp administrasiyasındakı kəskin mövqe dəyişikliyinin daha bir göstəricisi isə ABŞ-nin vitse-prezidenti J.D.Vensin dedikləridir: “Rusiya oyanmalı və reallığı qəbul etməlidir”.

Bütün bunlar Ukrayna müharibəsində eskalasiyanın və Qərbin Rusiyaya qarşı təzyiqlərinin ciddi şəkildə artacağını proqnozlaşdırmağa əsas verir. Rusiyanın cəbhədə bataqlığa saplanması, eləcə də PUA hücumlarının əldən saldığı neft emalı sənayesi də daxil olmaqla ciddi iqtisadi problemlərlə üz-üzə qalması Moskva üçün perspektivləri heç də ürəkaçan etmir. 

Belə görünür ki, Kremldə də vəziyyətin Rusiyanın xeyrinə dəyişmədiyini anlayırlar. Çünki ABŞ-nin sərt ritorikası və bunun getdikcə daha konkret addımlara çevrilməsi təhlükəsi fonunda Moskvadan danışıqlar təklifi gəlməyə başlayır. Belə ki, Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın ABŞ ilə payızın sonuna qədər danışıqların yeni mərhələsini keçirməyə hazır olduğunu bəyan edib. O deyib ki, tərəflər digər məsələlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə edəcəklər…

Xatırladaq ki, sonuncu dəfə iki tərəf arasında birbaşa dialoq avqust ayında Alyaskada Trampın Putinlə görüşü zamanı olub. Həmin vaxt Amerika lideri Putinə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca görüş təşkil etməyi təklif etmişdi. Ancaq bu ideya hələ də reallaşmayıb. Əvəzində, Rusiya tərəfi belə bir görüşü mümkün hesab etsə də, buna əvvəlcə “ekspertlər səviyyəsində” hazırlıq getməli olduğunu bəyan edir. Bu isə Ukrayna və Qərb tərəfindən vaxt uzadılmasına cəhd kimi qəbul olunur. 

Lakin indi Tramp administrasiyasının öz ritorikasını kəskin dəyişməsi, bir sıra məsələlərdə, o cümlədən Ukraynaya Rusiya dərinliyinə zərbələr endirilməsinə icazə verilməsinə və Kiyevə “Tomaqavk” raketlərinin veriləcəyinə dair xəbərlər fonunda vaxtın heç də Rusiyanın xeyrinə işləmədiyi görünür… 

C.Məmmədli 

“AzPolitika.info”    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
azpolitika.info

1Sources