EN

Eşşək, it və qadın haqqında hədis

İnsan yaşa dolduqca onda Allah qorxusu artır. Nə gizlədim, məndə də bu cür proseslər getməkdədir və nəticə olaraq çoxlu dini kitablar, xüsusilə hədislər oxumağa başlamışam. Hədis kitablarından aldığım zövqü-səfanı heç bir kitab mənə vermir.

Bu yerdə Qasım bəy Zakirdən bir-iki beyt yadıma düşüb, mövzuya dəxli olmasa da oxuyun: “Sən onda eylə zövqü səfa bağ arasında, Mən munda yanım piltə kimi yağ arasında. Peykanlarını sineyi-çakimdə görən der: -Bir qönceyi-tərdir ki, bitib bağ arasında”.

Qayıdaq hədis mövzusuna. Təzəlikcə oxuduğum bir hədis həqiqətən ləzzət elədi. Buyurun, siz də oxuyun: “Namaz qılan şəxsin qabağından qadın, eşşək və it keçərsə, bu zaman dua pozulur” (Müslim-in hədislər toplusu).

Yəni kişi xeylağı keçsə namaz pozulmur. O cümlədən at, inək, qoyun, pişik, milçək, ilan, donuz, dinozavr da keçsə, namaza təsiri yoxdur, lakin qadın, eşşək və it keçsə, vardır.

Burada qadına qarşı hər hansı hörmətsizlik edilmişdirmi? Yox. Qətiyyən. Cənnət anaların ayağı altındadır - bu da dini söhbətdir, bilirsiniz. O cümlədən Seyid Əzimin məşhur əsərindən sitat gətirsək, “it demə, o dəxi bizim birimiz”, yəni eşşək və iti qadınla yanaşı hallandırmaqda qətiyyən təhqiramiz nəsə yoxdur. İt var, insandan yaxşı yaşayır. Həmçinin İsa peyğəmbər eşşəyin belində gəzib-dolaşırmış. Eşşək pis və murdar olsa, niyə peyğəmbər onu minirdi? Bir növ, eşşəyin də belinə peyğəmbər əli dəymişdir.

Ümumiyyətlə, hazırkı dövrdə dünyada dinə hörmət azalır, bu da qiyamətin yaxınlaşması əlamətlərindən biridir. Ancaq sevindirici hallar da vardır. Məsələn, Əfqanıstandakı mömin qardaşlarımız olan “Taliban” iki gün qabaq bütün ölkə ərazisində interneti dibindən bağlamışdır. Artıq orada nə TikTok var, nə Vatsap var, nə Feysbuk var, nə də tərbiyəsiz videolara baxıb pozulan və evdən qaçan gəlinlər. Bu saat dünyada ən əxlaqlı ölkə Əfqanıstandır, xəbəriniz olsun. Bütün mömin qardaşlarımızı təcili şəkildə Əfqanıstana köçməyə səsləyirəm. Şair bu vəziyyəti bəlkə də uzaqgörənliklə təsvir etmişdir: “Oyadar xəlqi əfqanlar, Bakıda yaşayanlar oyanmazmı?”

Düzdür, hələ təzə başlayıblar, ancaq təsəvvür edin, Əfqanıstanda beş-on ilə necə təlim-tərbiyə görmüş nəsil yetişəcəkdir. Yoxsa bizdə hərə əlinə bir telefon alıb, onu çəkir, bunu çəkir... Biri çayı müştəriyə saf, təmiz vermək əvəzinə içinə tüpürüb çəkir. Özü də zənən xeylağı... İndi sən yuxarıdakı hədisə nə üçün inanmırsan? İkincisi ölü yerindən video çəkir, üçüncüsü diri yerindən. Biabırçılıq baş alıb gedir. Allah Qorbaçovun evini yıxsın (buna istənilən kontekstdə ehtiyac var). Hamısını eləyən internetdir, Vatsapdır,TikTok-dur. Camaat baxır oralara, tərbiyəli olanlar da yolunu azır. Deyir, niyə mənim də filan yerim filankəsinki kimi olmasın.

Bu saat ən ciddi problemlərdən biri zənənlərin plastik əməliyyatlarıdır. Bütün xalqımızı ciddi narahat edir. Çünki nə dua eləyə bilirik, nə məsum qala bilirik... Elə çalışırsan dua eləyəsən, kiminsə harasısa qabaqdan keçir. Bunu hörmətli oxuculardan üzr istəyərək yazıram. O qədər böyüdürlər orqanları... Bu, dözülməz vəziyyətdir. Nazirlər Kabineti də bəlkə 3 ay ərzində nəsə qərar layihəsi hazırlamalıdır.

Həmçinin Qida Agentliyi çaya tüpürən zənənlər haqda hədisləri hazırlamağa borcludur.

Chosen
39
50
musavat.com

10Sources