EN

Generallar toplandı, rəsmən elan edildi Hədəf Rusiya deyil

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Müdafiə Nazirliyinin adı rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirilib. Sentyabrın 30-da Pentaqonda nazir və yüksək rütbəli generalların iştirakı ilə keçirilən iclasda bu qərar rəsmən elan olunub.

Pentaqonun rəhbəri çıxışında bildirib ki, yenidən bərpa olunan Müharibə Nazirliyinin əsas və yeganə missiyası döyüş əməliyyatlarının hazırlanması və həyata keçirilməsidir.

Bu dəyişikliyin səbəbi nədir və hansı məqsədlərə xidmət edir? Müharibə Nazirliyi konkret olaraq hansı ölkə və ya qüvvəyə qarşı döyüş əməliyyatları planlaşdırır?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, bu, əslində yenilik yox, tarixi ada qayıdışdır:

“Birinci Dünya müharibəsinin sonuna qədər ABŞ-da bu qurum Müharibə Nazirliyi adlanırdı. İndi verilən qərar daha çox ideoloji xəttin dəyişikliyi ilə bağlıdır. Prezident Donald Tramp administrasiyası ABŞ ordusunda fərqli bir konsepsiya tətbiq edir. Bu, demokratların hakimiyyəti dövründə qəbul olunmuş bəzi qanunların, xüsusilə cinsi bərabərlik və transgender şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı qaydaların ləğvi ilə müşayiət olunur.

Açıq mənbələrə əsasən, Tramp administrasiyası strateji olaraq daxili təhlükəsizlik məsələlərinə və ABŞ daxilində sabitliyin qorunmasına daha çox önəm verir. Eyni zamanda, silahlı qüvvələrin, xüsusilə də nüvə arsenalının modernləşdirilməsi əsas prioritetlərdən biridir.

Yeni Müharibə Nazirliyinin əsas vəzifələrindən biri konkret müharibə ssenarilərinin hazırlanması olacaq. Aydındır ki, Tramp administrasiyası güc diplomatiyasına üstünlük verir və bu yanaşma ABŞ-ın xarici siyasətinə də təsir göstərir. Rusiya ilə bağlı siyasətdə də dəyişikliklər müşahidə olunur. Əvvəllər nüvə silahı ilə bağlı ritorikanı daha çox Kreml rəsmilərindən eşidirdiksə, indi eyni məsələləri Tramp tez-tez gündəmə gətirir”.

Zaur İbrahimli

Politoloqun sözlərinə görə, ABŞ-ın əsas strateji hədəfi Çinə qarşı hərbi və siyasi hazırlığını gücləndirməkdir:

“Bu, xüsusilə Tayvan məsələsində özünü göstərir. Çin tərəfi sızdırdığı məlumatlarda bildirir ki, Pekin ABŞ-la ticarət razılaşması çərçivəsində Tayvanın Çinin tərkib hissəsi kimi tanınmasını tələb edir. Lakin Tramp hökuməti məsələyə müsbət yanaşmır. Bu isə Vaşinqtonun Çini gələcəkdəki əsas rəqib kimi gördüyünü və onunla müharibəyə hazırlaşması kimi dəyərləndirilir.

II Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı Pekində keçirilən hərbi parad Vaşinqtonda ciddi narahatlıq yaradıb. Bu parad ABŞ-ın Çinin artıq hərbi güc baxımından ona yaxınlaşdığı qənaətini gücləndirib. Buna görə də Müdafiə Nazirliyinin – yəni yeni adı ilə Müharibə Nazirliyinin əsas hədəfi Çini üstələmək, Rusiya ilə güc balansını qorumaq və lazım gəldikdə təzyiqləri artırmaq olacaq. Trampın əvvəlki dövrlərdə NATO ilə bağlı sərt mövqeyində də dəyişiklik müşahidə olunur. İndi o, alyansla əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır. ABŞ beləliklə qlobal güc balansında öz mövqeyini qorumağa və müttəfiqlərlə daha sıx işləməyə çalışır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
globalinfo.az

1Sources