Pentaqon bildirib ki, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları İraqdakı hərbi missiyalarını azaldacaqlar.
“Prezidentin göstərişinə və 2024-cü il sentyabrın 27-də ABŞ-İraq Ali Hərbi Komissiyası ilə verilən birgə bəyanata uyğun olaraq, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları İraqdakı hərbi missiyalarını azaldacaqlar”, – Pentaqonun baş sözçüsü Sean Parnell bildirib.
Parnell qeyd edib ki, missiyanın azaldılması DEAŞ-a qarşı mübarizədə “ortaq uğuru” və uzunmüddətli ABŞ-İraq təhlükəsizlik tərəfdaşlığına keçid səylərini əks etdirir.
“Bu tərəfdaşlıq ABŞ və İraqın təhlükəsizliyini dəstəkləyəcək və İraqın iqtisadi inkişafı davam etdirmək, xarici investisiyaları cəlb etmək və regionda aparıcı rol oynamaq imkanlarını gücləndirəcək”, – sözçü bildirib.
ABŞ Bağdad hökuməti və onun koalisiya tərəfdaşları ilə sıx koordinasiyanı davam etdirərək məsuliyyətli və nizamlı keçidi təmin etmək barədə vəd verir.
ABŞ hazırda İraqdakı əsas bazalarında təxminən 2500 personal saxlayır.
Qeyd edək ki, ABŞ və İraq ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2026-cı ilin sonuna qədər İraqdan çıxarılması barədə razılığa gəlib.