EN

Rusiya Çernobıl AES də təhlükə yaratdı Zərbələr obyektləri elektriksiz qoyub, Zelenskidən açıqlama

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın şimalında yerləşən Slavutıç şəhərinə və enerji infrastrukturlarına endirilən Rusiya raket zərbələri nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının (AES) bəzi obyektləri, o cümlədən dağıdılmış dördüncü enerji blokunun üzərindəki “sarkofaq” bir müddət işıqsız qalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, elektrik enerjisinin kəsilməsi nəticəsində “Yeni təhlükəsiz konfaynment” – dağıdılmış reaktorun radioaktiv maddələrini mühitə buraxmasının qarşısını alan əsas konstruksiya enerji təminatından məhrum olub.

Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bəyan edib ki, Çernobıl AES-in əksər obyektlərində enerji bərpa olunub, lakin “sarkofaq” hələ də dizel-generatorların hesabına işləyir.

Slavutıç şəhərində və Çerniqov vilayətinin bir hissəsində də genişmiqyaslı işıqsızlıq qeydə alınıb. Yerli mənbələrə görə, Rusiya hücumları nəticəsində elektrik yarımstansiyası dağılıb, 300 mindən çox abunəçi işıqsız qalıb. Çerniqov vilayətində qrafiklə müvəqqəti elektrik kəsintilərinə başlanılıb. İşıqsız qalan bölgələr arasında Dnepr şəhərinin bir sıra rayonları da var.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə sərt reaksiya göstərərək, Rusiyanı enerji infrastrukturuna qarşı qəsdən zərbə endirməkdə günahlandırıb. Onun sözlərinə görə, Slavutıç şəhərinə 20-dən artıq pilotsuz uçuş aparatı ilə hücum edilib:“Ruslar yaxşı bilirdilər ki, bu hücum Çernobıla da təsir edəcək”.

Qeyd edək ki, Çernobıl AES-dəki vəziyyət eyni zamanda Rusiyanın nəzarətində olan Zaporojye AES-dəki gərginlik fonunda baş verir. Ukrayna Energetika Nazirliyi bildirib ki, sentyabrın 23-dən etibarən Zaporojye stansiyası əsas enerji mənbəyindən ayrılıb və hazırda yalnız dizel-generatorlarla işləyir. Yanacaq ehtiyatı isə cəmi 10 günə bəs edir.

MAQATE-nin baş direktoru Rafael Qrossi vəziyyəti “nüvə təhlükəsizliyi baxımından qeyri-sabit” adlandırıb və xəbərdarlıq edib ki, ehtiyat sistemlərinin dayanması yanacaq çubuqlarının əriməsi riski yaradır.

Rusiya və Ukrayna isə baş verənlərə görə bir-birini ittiham edir. Moskva Kiyevi stansiyanı enerji xəttindən ayırmaqda günahlandırır, Ukrayna isə əksinə, Rusiyanı AES-i qəsdən Ukrayna enerji sistemindən təcrid etməkdə ittiham edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
azpolitika.info

1Sources