EN

Prezident Zirvə toplantısının açılış mərasimində iştirak etdi - Foto - Yenilənib

Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular müzakirə olunur.

“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

***

Bu dəqiqələrdə Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 


Chosen
14
30
sitat.info

10Sources