EN

Rusiyada “boş mənzillər”ə həbs qoyulacaq - qanun layihəsi

Rusiya Federasiyasının Dövlət Dumasına "boş mənzillər"in sahiblərindən alınaraq dövlətə verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, hüquqşünaslar bunun xaricə mühacirət etmiş ruslara təsir edib-etmədiyini müzakirə edirlər.

Təşəbbüsü "Vahid Rusiya" senatorları və Dövlət Dumasının deputatı Aleksandr Yakubovski qaldırıb. Mənzil Məcəlləsinə edilən dəyişikliklər yerli hakimiyyət orqanlarına mənzilləri boş kimi tanımaq hüququ verir. Bunun üçün komissiyalar yaradılacaq.

Mənzillər aşağıdakı şərtlərə görə boş hesab edilə bilər: bir ildən çox kommunal borc, iki il ardıcıl olaraq ödənilməmiş əmlak vergisi, bir ildən çox müddət ərzində sayğacın oxunmaması və ya sınmış pəncərələr, nasaz qapı və ya radiatorların olmaması kimi açıq-aşkar tərk edilmişlik əlamətləri. Hazırda bu, uzaq şimalda və ona bərabər tutulan ərazilərdəki evlərə aiddir.

Əgər mənzil boş kimi tanınsa, o, bələdiyyə mülkiyyətinə keçəcək. Mənzillərin əksəriyyətinin boş olduğu binaların sökülməsi elan edilə bilər. Belə mənzillərin sahiblərinə və ya kirayənşinlərə qəzalı binaların köçürülməsi zamanı olduğu kimi alternativ yaşayış yeri vəd edilir.

İzahatda qeyd olunur ki, boş mənzillər kommunal sistemləri zədələyir və qonşular üçün təhlükə yaradır. Yakubovskinin sözlərinə görə, "əgər mülkiyyətçi kommunal xərcləri ödəsə, onların əmlakı boş elan edilməyəcək".

Ekspertlərin fikirləri haçalanır. Hüquqşünas Yevgeni Smirnov hesab edir ki, qanun layihəsi başqa yerə gedənlər üçün ciddi risk yaratmır, çünki onlar adətən kommunal ödənişləri və vergiləri ödəyirlər.

Bununla belə, hüquqşünas Valeriya Vetoşkina meyarların bir çox mühacirin vəziyyəti ilə üst-üstə düşdüyünü qeyd edir və potensial sui-istifadə halları barədə xəbərdarlıq edir. O, həmçinin hesab edir ki, şimal bölgələrindəki məhdudiyyət yalnız "pilot tədbir" ola bilər, bundan sonra qanun bütün ölkəyə şamil olunacaq. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
1
olaylar.az

2Sources