EN

Qurban Qurbanovun qələbə formulunun kökündə nə dayanır? – Tanınmış məşqçi açıqladı

“Qurban Qurbanov “Qarabağ”da çox sistemli oyun tərzi və taktika qurub. Bütün bu uğurlu nəticələr təmkinli gedişlərin və mərhələ-mərhələ əldə olunan təcrübələrin bəhrəsidir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.

O bildirib ki, “Qarabağ” komandası oktyabrın 1-də Bakıda Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubunu 2-0 məğlub etməklə yanaşı çox gözəl oyun nümayiş etdirdi:

“Əvvəla, “Qarabağ”ı təbrik edirəm. Məni qələbədən daha çox oyun maraqlandırır. Çünki həmişə komandanın oyununu izləyirəm. Dünən “Qarabağ” qələbədən savayı, həm də çox gözəl oyun nümayiş etdirdi. Hesabda önə keçdikdən sonra, komanda çox əla müdafiə olunmağı bacardı. Əsas məsələ də budur. Hesabda irəli çıxan komanda müdafiəyə xüsusi diqqət etməlidir. Qurban Qurbanovun oyun sistemində əks-hücumlar çox yaxşı alınır. Biz ikinci qolu da məhz əks-hücumların birində vurduq. Ən böyük arzumuz odur ki, bu qələbələr davamlı olsun. Azərbaycanda komanda rəhbərləri yerli mütəxəssislərə etibar etməlidir. Təəssüf ki, azərbaycanlı baş məşqçilərə inam zəifdir. Qurban Qurbanov 10 ildən çoxdur ki, “Qarabağ”ın sükanı arxasındadır. “Qarabağ” rəhbərliyi çox sakit və təmkinli formada Qurban Qurbanova güvəndi və nəticəsini gördü. Ölkə miqyasında çempion olmaq çətin deyil, amma Avropada, Çempionlar Liqasında belə nailiyyətlər qazanmaq həqiqətən də təqdirəlayiqdir”.

A.Mircavadov söyləyib ki, “Qarabağ” uğurlarında Qurban Qurbanovun müstəsna rolu var:

“Mən “Qarabağ”da işləmişəm və əvvəlki dövrləri yaxşı xatırlayıram. Biz Ağdamdan Bakıya gələndə məşqləri orada-burada edirdik. Şərait yox idi. Daha sonra yavaş-yavaş infrastruktur formalaşmağa başladı. İndi komandanın təlim-məşq bazası var. Mən deyərdim ki, bu baza Avropanın ən yaxşı bazalarından biri sayılır. “Qarabağ”ın bu yerlərə gəlib çıxmasında ilk növbədə Qurban Qurbanovun rolu danılmazdır. O, komandada bir ailə mühiti formalaşdırıb. “Qarabağ” hansısa ayrı-ayrı oyunçuların hesabına deyil, vahid sistemin hesabına uğurlu nəticələr əldə edir. Qurban Qurbanov öz sahəsində mütəmadi öyrənməyə meyilli adamdır. Daim öz üzərində işləyir və təkmilləşdirir. Komandanın yeni transferləri isə heyətə tez uyğunlaşıb. Qurban Qurbanov klubda çıxış edən hər bir futbolçuya inam aşılayıb. Bu oyunda da bariz formada görünür. Deyim ki, bu hər məşqçinin edə biləcəyi bir şey deyil. Düşünürəm ki, “Qarabağ” bundan sonra da Avropa turnirlərində adınalayıq çıxış etməyə davam edəcək”.

Chosen
18
4
veteninfo.az

5Sources