EN

“Konstitusiya və Suverenlik İli: təhsil və gələcək nəsillər” mövzusunda konfrans keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində bu rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində ötən tədris ilinin yekunlarına və 5 Oktyabr - Beynəlxalq Müəllim Gününə həsr olunmuş “Konstitusiya və Suverenlik İli: təhsil və gələcək nəsillər” mövzusunda təhsil konfransı keçirilib. Tədbir iştirakçıları Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər, xatirəsini ehtiramla anıblar. SİA xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan edilib.

Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayonda 2024-2025-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təhsilin insan həyatındakı önəmindən söz açıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil almasına xüsusi diqqət və həssaslıqla yanaşıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrində əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir. Ölkəmizdə şəhid ailələrinə və qazilərə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Sonra Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək təhsil sahəsində aparılan islahatların, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılmasının dövlətimizin və xalqımızın inkişafına xidmət etdiyini söyləyib.

Ali məktəblərə qəbul imtahanında II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə respublikada ən yüksək nəticə göstərən - 678 bal toplayan Bakı şəhər 83 nömrəli məktəb-liseyin məzunu, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Nilufər Zeynallı gənclər adından çıxış edərək, onlara yaradılan şəraitə, diqqət, qayğı və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirib və ali təhsili uğurla başa vurub respublikamızın inkişafına töhfə verəcəklərini qeyd edib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında gənc nəslə hər zaman xüsusi diqqət göstərildiyini, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradıldığını söyləyib.

Konfransın sonunda 2024-2025-ci tədris ili üzrə təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə - ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, “Ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə” (qızıl medal nişanı ilə təltif olunanlar), “Respublika fənn olimpiadalarında və respublika fənn müsabiqələrində qazandığı yüksək nəticəyə görə”, “Sabahın Alimləri” respublika müsabiqəsində qazandiği yüksək nəticəyə görə”, Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi nəticəsinə əsasən 1-ci, 2-ci və 3-cü yeri tutduğuna görə məktəblərin direktorları, peşə təhsili sahəsində və məktəbəqədər təhsilin inkişafında səmərəli fəaliyyətinə görə təhsil işçiləri və uğur qazanmış gənclər rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr ilə təltif olunublar.

Chosen
10
2
sia.az

3Sources