EN

BMU Texnoparkı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inkişaf proqramına qəbul olunub

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən təşkil edilən “Texnoparklarda əqli mülkiyyətin idarəedilməsi” mövzusunda beynəlxalq inkişaf proqramına qəbul olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, proqrama dünyanın 15 ölkəsindən 39 texnopark qoşulub və Azərbaycanı bu nüfuzlu təşəbbüsdə BMU Texnoparkı təmsil edir.

BMU Texnoparkının bu təşəbbüsə qoşulması son illər universitetin elm, innovasiya və sahibkarlıq sahəsində həyata keçirdiyi strategiyanın əhəmiyyətli nəticəsidir. Nüfuzlu təşkilatın inkişaf proqramında yer almaq böyük nailiyyət olmaqla yanaşı, BMU Texnoparkının beynəlxalq əməkdaşlıqlarının genişlənməsinə, o cümlədən tələbə və tədqiqatçıların innovativ layihələrinin xarici bazarlara çıxış imkanlarının artmasına, bütövlükdə innovasiya ekosisteminin möhkəmlənməsinə xidmət edəcək.

İlk iclasda BMU Texnoparkının direktoru Vüsal Süleymanlı universitetin innovasiya ekosistemi, həyata keçirilən layihələr və Texnoparkın innovativ təşəbbüslərin inkişafındakı rolu barədə iştirakçılara geniş məlumat verib. O, həmçinin vurğulayıb ki, adıçəkilən beynəlxalq inkişaf proqramına qoşulmaq Texnopark üçün əqli mülkiyyətin idarəolunmasında qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və yeni layihələrin reallaşdırılması baxımından mühüm imkanlar açır.

Proqram çərçivəsində BMU Texnoparkının fəaliyyətinin ISO 56002 İnnovasiya İdarəetmə Sistemi standartlarına uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur.

Chosen
13
3
azertag.az

4Sources