Oktyabrın 2-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Türkiyənin Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samirə Əl Malizi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq bu gün imzalanacaq əməkdaşlıq memorandumunun kitabxananın oxucuları, xüsusilə alimlərimizin, şərqşünaslarımızın gələcək tədqiqatları üçün geniş imkanlar təqdim edəcəyini bildirib.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisinin ölkəmizin elmi müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini söyləyib. Qeyd edib ki, zənginkitab fonduna malik olan Mərakeş Krallığının Milli Kitabxanası ilə əməkdaşlıq ölkəmizin kitabxanalarının gələcək fəaliyyəti üçün yeni səhifə olacaq. Həmçinin bildirib ki, xüsusilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan tarixi əlyazma nüsxələrinin oxunması və beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynayacaq.
Mərasimdə çıxış edən Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samirə Əl Malizi hər kəsi salamlayaraq əməkdaşlıq memorandumununimzalanmasına verdikləri dəstəyə görə, akademik İsa Həbibbəyliyə, professor Kərim Tahirova və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşa minnətdarlığını bildirib.
Sonra əməkdaşlıq memorandumları imzalanıb. Əvvəlcə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumları imzalanıb. Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Mərakeş Krallığının Milli Kitabxanasıarasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd olunan sənədlər qurumlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacaq.
İmzalanma mərasimindən sonra xatirə şəkilləri çəkdirilib.