EN

AŞPA erməni deputatın Ramil Səfərov haqda ağ yalanına susdu... Nə 9 milyon dollar?..


Akif Nağı: “AŞPA-da erməni deputatın yalanlarına nəinki etiraz etdimələr, hətta ona bu absurd və yalan iddiaları səsləndirmək üçün geniş şərait yaratdılar”

AŞPA-nın plenar iclasında “Macarıstanın Avropa Şurasına üzvlük öhdəliklərini yerinə yetirməsi” adlı hesabatın müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü, Ermənistanın müxalif Respublikaçılar Partiyasının nümayəndəsi Hayk Mamicanyan Azərbaycana və Macarıstana qarşı əsassız, absurd iddialar irəli sürüb.

H.Mamicanyan iddia edib ki, “Macarıstan hakimiyyəti erməni xalqından üzr istəməyə borcludur”.

Erməni deputat 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən tədbiri zamanı azərbaycanlı iştirakçının (Ramil Səfərov) Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanı öldürməsindən danışaraq deyib ki, 2012-ci ildə Ramil Səfərov Macarıstan dövləti tərəfindən Azərbaycana ekstradisiya edilərkən, guya Azərbaycan tərəfindən MKB-nin Budapeştdəki bank hesabına 9 milyon dollardan çox pul köçürülüb. Mamicanyanın digər iddiasına görə isə, “Azərbaycanın hücumundan” cəmi bir neçə ay əvvəl Budapeşt “Dağlıq Qarabağda” kəndlərin bərpası işlərində Azərbaycan hakimiyyətinə yardım etmək üçün artıq sazişlər imzalayıb. Bu da Mamicanyanın növbəti abdurd iddiasıdır.

Heç şübhəsiz, erməni deputatın danışdığı nağıldır və özü də elə bir nağıldır ki, buna özü də inanmır.

Əvvəla, 2012-ci ildə Ramil Səfərovun Macarıstan dövləti tərəfindən Azərbaycana ekstradisiyası beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilib və Azərbaycan da bunun qarşılığında Macarıstana hər hansı bir məbləğ ödəməyib. Erməni deputatın Azərbaycana qarşı 9 milyon dollar iddiası və Macarıstanın erməni xalqından üzr istəməli olduğunu deməsi tamamilə əsassızdır.

Burda diqqət çəkən məqamlardan biri odur ki, Mamicanyanın yalan danışdığını, saxta məlumat səsləndirdiyini bilə-bilə AŞPA-dan onun çıxışına heç bir mövqe bildirilməyib və bu qurum onun əsassız iddlalarına susub. Baxmayaraq ki, erməni deputat yalandan hansısa çıxışlardan, KİV-lərdən “siyat” gətirib, orda bunu da ifşa edən olmayıb. Söhbət AŞPA-nın oyunlarına getməyən, onun qanunsuz əməllərinə göz yummayan, zamanında sərt reaksiya verən Azərbaycan və Macarıstandan gedəndə ermənipərəst AŞPA yalanlara, saxta ittihamlara, əsassız məlumatlara rəvac verir və Mamicanyan kimilərinə meydan verir ki, o dövlətləri nə qədər istəyirsən şərləyə bilərsən. Təbii, nə qədər Azərbaycan mümayəndə heyəti AŞPA-da təmsil olunmur, onlar bunu fürsət bilib şər kampaniyasını davam etdirəcəklər.

“Hər hansı bir vəsaitdən danışılması gülüncdür”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər həmişə əllərinə keçən tribunalardan antiazərbaycan təbliğatı aparmaq üçün sui-istifadə edirlər. “AŞPA-da əllərinə fürsət keçdi və yenə də öz ənənəvi yalanlarını səsləndirdilər. Macarıstan onlara qarşı bir addım atmışdı. Ona görə də AŞPA-da Macarıstanı vurmağa çalışırlar. AŞPA-da erməni deputatın yalanlarına nəinki etiraz etmədilər, hətta ona bu absurd və yalan iddiaları səsləndirmək üçün geniş şərait yaratdılar.

Erməni deputatının iddialarının heç bir kökü, heç bir əsası yoxdur, sübutu olmayan məsələdir. Əsassız danışmaq ermənilərin xislətindədir. Başqa xalqlardan olan siyasilər əllərində ciddi bir fakt olmasa, o faktı yoxlamasalar, sübut etmək gücündə olmasalar heç vaxt onu səsləndirmirlər. Amma ermənilər yalan danışırlar, amma o yalanları da təftiş edən, yoxlayan yoxdur. Hesab edirəm ki, yəqin bu məsələ Macarıstan tərəfindən qaldırılacaq və Macarıstan rəhbərliyi onlara atılmış bu böhtana görə ermənilərin cəzalandırılmasına nail olacaq. Azərbaycanın Macarıstana bu qədər pul vəsaitini nə vaxt, niyə, hansı məqsədlə köçürdüyü barədə heç bir dəlil yoxdur. Bunu bunlar hardan çıxarırlar? Bu sübut olunacaq bir məsələ deyil. Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması Azərbaycan və Macarıstan hökumətləri arasında aparılmış danışıqların nəticəsi idi, düzgün bir mövqe idi. Burda hər hansı bir vəsaitdən danışılması gülüncdür.

Həmin dövrdə biz də müəyyən qədər o proseslərdə iştirak edirdik. Ən azından, təbliğat prosesində iştirakımız olub. Macarıstandakı Azərbaycan diasporu ilə də əlaqələrimiz vardı, Bakıya da gəlib-gedirdilər, Ramil Səfərovla əlaqə saxlamağa çalışırdılar. Biz də o vaxt ictimai xətlə Ramil Səfərovun müdafiəsinə çalışırdıq, onun müdafiə komitəsini də yaratmışdıq. Sonradan bizim yaratdığımız müdafiə komissiyası Milli Məclisinin üzvlərinin iştirakı ilə genişləndi. Zahid Oruc, Azay Quliyev o prosesdə birbaşa iştirak etdi, biz bir yerdə hüquqi müstəvidə bu addımları atdıq. Vəkillərlə də çalışırdıq. Rəhmətlik Adil İsmayılov o dövrdə əsas vəkil kimi Ramil Səfərovun hüquqlarının müdafiə komitəsində bizimlə birgə işləyib. Biz o zaman bir yerdə müdafiə konsepsiyasını da hazırladıq, reallığa, obyektivliyə uyğun bir müdafiə konsepsiyası idi. Yəni Ramil Səfərov uşaqlıqdan erməni işğalının qurbanı hesab olunmalı idi. Ermənistanın torpaqlarımıza təcavüzü onun psixikasına ciddi təsir göstərmişdi, o öz doğma yurdundan didərgin düşmüşdü, uşaq da olsa gözlərinin qarşısında erməni vəhşiliyi baş vermişdi. Cəbrayıl rayonu ərazisində ermənilər çox ağır cinayətlər törədiblər, o cinayətlərin çox dərin izləri var. Hətta orda bir hadisə baş vermişdi, ermənilər gecə postlardan birinə hücum edib keşikçiləri götürüb, hərbiçilərimizi isə yatılı vəziyyətdə öldürüb hər birinin də ürəyini çıxarıb ovuclarının içində qoymuşdular. Çox dəhşətli, amansız bir hərəkət idi. Bu da hamıda, o cümlədən də Ramil Səfərovda və Cəbrayılda yaşayan yüzlərlə uşaqda dərin sarsıntı yaratmışdı. Guya Ramil Səfərov da erməni zabitini yatılı vəziyyətdə öldürüb kimi təbliğat aparmaqla, əslində özlərinin cinayətlərini ört-basdır etməyə çalışırdılar. Ramil orda o adamı yatılı vəziyyətdə öldürməmişdi, bu tamamilə sübut olundu. Yəni Ramil o erməni zabitini üzbəüz döyüşərək öldürüb. Onlar iki nəfər imiş, biri qaçıb, o biri ilə döyüşüb. O nə üçün öldürdü ermənini? Azərbaycanın dövlət atributlarını təhqir etdiyinə, azərbaycanlıların heysiyyətinə toxunduğuna, Xocalıda törədilən qətliamı, soyqırımı qəhrəmanlıq kimi təqdim etdikləri, əsir götürdükləri qadınların başına gətirdikləri oyunları dilə gətirdiklərinə və sairə görə. Bütün faktlar ortadadır. O vaxt məhkəmə bunları nəzərə almadı və ona ömürlük həbs cəzası kəsdi. O zaman Budapeşt məhkəməsi ermənilərin siyasi təzyiqi altında oldu. Bəlkə başqa təzyiq formaları da vardı. Ermənilər onu bacarırlar, əlləri uzundur. Həm özləri, həm də himayədarları Budapeşt məhkəməsinə təzyiq edirdilər. Məsələnin motivi nəzərə alınmadan bir nəfərin ölümünə görə Ramilə ömürlük həbs verildi. Bu, yanlış və siyasi qərar idi. Mənə elə gəlir ki, o vaxt Budapeşt məhkəməsi ermənilərin təzyiqinə dayana bilmədiyi üçün belə bir qərar qəbul etdi. Sonra Azərbaycan hökuməti ətraflı məlumatlar verdi, müəyyən izahat işləri aparıldı. Ramil Səfərov da məhkəmədə özünü axıra qədər sanballı şəkildə apardı, mövqeyini ortaya qoydu ki, hansı səbəbdən bu hərəkəti edib. Yəni bunlar ortadadır. Orda başqa nəsə bir şey ola bilməzdi. Ramil Səfərova ömürlük həbs cəzası verdirərkən ermənilər özləri bəlkə də kifayət qədər xərcə düşüblər, məhkəmənin gedişində hansısa məmurlara, kimlərəsə, siyasi vəzifə tutan şəxslərə nəsə veriblər. Onlar öz işlərini pulla görürlər həmişə. Bəlkə xərcləri batdığına görə hadisələrin bu cür olmağı onları yandırır. Beynəlxalq hüquq normalarına uyğun olaraq Ramil Səfərov Azərbaycana qaytarıldı. Azərbaycan Prezidentinin səlahiyyəti var ki, istənilən şəxsi əfv etsin, yaxud başqa bir qərar versin. Azərbaycan Prezidenti də heç kəsin diqtəsinə, sözünə görə hərəkət etmir. Ramil Səfərov Azərbaycana qayıtdıqdan sonra Prezidentin qərarı ilə əfv olundu, işlə təmin olundu, fəaliyyətini davam etdirir. Onun qəhrəmanlaşdırılmasını, digər məsələləri ortaya gətirməyin heç bir mənası yoxdur. Ramil Səfərov Azərbaycanda dövlət səviyyəsində qəhrəmanlaşdırılmayıb. Ermənilər arada yalandan deyirdilər ki, ona guya Milli Qəhrəman adı verilib. Halbuki, verilməyib. Normal vətəndaş kimi qayıdıb, işləyir”.

A.Nağı bildirdi ki, Azərbaycan rəhbərliyi məsələnin mahiyyətini tam aydın şəkildə Macarıstan rəhbərliyinə təqdim etdi və o ölkəmizə qaytarıldı, burda pul söhbətinin olduğu yalandır. A.Nağı qeyd etdi ki, ermənilər özləri o qədər çirkabın içindədirlər, erməni faşizmini o qədər təbliğ edirlər ki, ağızlarını açıb danışmağa haqları yoxdur.

İradə SARIYEVA

Chosen
68
45
baki-xeber.com

10Sources