EN

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib...

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

SİA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Chosen
9
9
sia.az

10Sources