EN

“Maliyyə barədə danışmaq istəmirəm” - “Qarabağ”ı nişan verdi

“Kəpəz” cari mövsümdə dördüncü dəfə darmadağın oldu.

“Zirə”dən 5, “Sumqayıt”la “Qəbələ”dən 3 cavabsız top buraxan “sarı-göylər”i bu dəfə “Turan Tovuz” meydana çıxmağa məyus etdi – 3:0.

“Sarı-göylər”in portuqaliyalı müdafiəçisi Dieo Verdaşka ilə söhbətdə komandada nələrin yaşandığını aydınlıq gətirmək istədik.

- Növbəti dəfə böyük hesabla məğlub oldunuz.

- Oyuna pis başlamamışdıq. İlk yarım saat ərzində öncədən planlaşdırdığımız kimi oynayırdıq. Lakin ilk qoldan sonra müəyyən boşluqlara yol verdik, diqqətsizlik etdik. Ardınca ikinci qolu qapımızda gördük. Məqsədimiz ikinci hissədə geridönüş etmək idi. “Turan Tovuz”un üçüncü qolu həlledici oldu. İstəmədiyimiz və gözləmədiyimiz hesab qeydə alındı.

- “Kəpəz”in problemi nədir ki, onu həll etmək olmur?

- Hər klubun özünə görə problemləri var. Öz adımdan onu deyə bilərəm ki, “Kəpəz” üçün əlimdən gələnin 100 faizini etməyə çalışıram.

- Maliyyə sıxıntısı var?

- Bu barədə danışmaq istəmirəm.

- Ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında elitadakı yerini qoruyan “Kəpəz”lə hazırkı “Kəpəz” arasında fərq nədir?

- Fərqli komanda, fərqli vəziyyətdir. Azər ötən mövsüm burada yaxşı işlər görmüşdü. O, komandaya gələndə “Kəpəz”in 7 məğlubiyyəti var idi. Lakin sonradan nəticələr yaxşıya doğru dəyişdi və Premyer Liqada qaldıq. İndi yenə keçən ilki durumdur, qələbəsiz davam edirik. Hədəfə çatan komandada məşqçilər heyətini və futbolçuları qorumaq mütləqdir. “Qarabağ”ı nümunə götürək. Baş məşqçi və futbolçular illərdir birlikdə çalışırlar. Tez-tez məşqçi və heyət dəyişmək vaxt itkisidir. Düzdür, bu komanda ilə nələrsə etmək olar. Sadəcə vaxt lazımdır.

- Yeni baş məşqçinin gəlişi ilə nəticələr düzələ bilər, yoxsa daha keyfiyyətli futbolçular lazımdır?

- İlk növbədə baş məşqçi məsələsi öz həllini tapmalıdır. Baş məşqçinin gəlişindən sonra yığılıb qalan problemlər öz həllini tapmalıdır. Yeni gələn məşqçinin öz ideyaları, futbol fəlsəfəsi, planı olacaq. Bunu həll etmək lazımdır. Heyətlə bağlı məsələ baş məşqçiyə aid olacaq.

HƏBİB / SPORTİNFO..AZ

Chosen
23
sportinfo.az

1Sources