Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən və "Uğur-777" estetik klinikasında qeyri-etik görüntüləri gündəm olan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb.
Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, videoda pasiyent klinikaya gəlir, həkimlə görüşür və liposaksiya ilə buxaq əməliyyatı olunmaq istədiyini bildirir. Sosial platformalarda "Dr Gülü" kimi tanınan Gülbadə Abdullayeva yeni ünvanda pasiyentləri qəbul edir.
O, "Dost" Estetik Mərkəzində çalışdığını təsdiqləyib, lakin cərrah kimi fəaliyyətə hələ başlamadığını bildirib.
Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərdiyinə gəlincə, G.Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini deyib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.