EN

Monqolustandan gətirilən ətlə bağlı dəhşətli faktlar Tərkibində görün nələr var

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar xaricdən Azərbaycana gətirilən ət və ət məhsulları ətrafında müzakirələr gedir. Braziliyadan, Hindistandan ölkəmizə idxal edilən mal əti ilə bağlı diskussiyalar səngimir. İndi də Monqolustandan gətirilən qoyun əti haqda müxtəlif söz-söhbətlər yayılır.

Bu müzakirələrdə əsas diqqət iri və xırda buynuzlu heyvanların sözügedən ölkələrdə hansı şəkildə istehlak edildiyinin üzərinə çəkilir. Məsələn, deyilir ki, Hindistanda inək totem sayılır, bu səbəbdən kəsilmir. Ona görə ordan idxal edilən mal əti murdar olmuş inəklərə aiddir.

Monqolustan məsələsi isə tamam başqa gerçəklikləri üzə çıxarır. İndiyə kimi ordan idxal edilən bu ətin mənşəyi ilə bağlı ciddi şübhələr vardı.

Globalinfo.az xəbər verir ki, jurnalist Orxan Atabəy bildirib ki, 2024-cü il ərzində Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirilib. Jurnalistin qeyd edib ki, bu ilin rəqəmləri daha da çox ola bilər, çünki ordan kilosu cəmi 5–6 manata alınır:

“Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu isə problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir. Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə qan onların menyusunda suda laxtalanıb itir.

Bizim üçün isə kəsirlər anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdan satış məntəqələrinə paylanır. Və hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür. Baş verə biləcək xəstəlik növləri üçün gərək ayrı bir status yazım”.

O.Atabəy öz araşdırmasına istinadla bildirib ki, Avropa İttifaqı belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir:

“Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Bizim balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib”.

Maraqlıdır, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məsələni hansı formada diqqətdə saxlayır? Ümumiyyətlə, saxlayırmı? Ölkəyə gətirilən ət məhsulları ilə bağlı hansı yoxlama standartı tətbiq edilir? Globalinfo.az bu suallara cavab almaq üçün aidiyyəti qurumlara rəsmi sorğu ilə müraciət edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
3
globalinfo.az

4Sources