EN

Dolların məzənnəsi təhlükədə – Vacib proqnoz verildi

Oktyabrın 1-də ABŞ-də federal hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda dollar əsas valyutalara qarşı zəifləyib və həftəlik minimum həddinə enib. Hazırda Vaşinqtonda baş verən hadisələrin maliyyə bazarlarına təsiri diqqət mərkəzindədir.

Federal hökumətin qapanması fonunda dolların aqibəti necə ola bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, indi investorların diqqəti ABŞ-da siyasi böhranın davam etmə müddətinə və bunun iqtisadi göstəricilərə təsirinə yönəlib:

“Adətən böhranlı hallarda dollar “təhlükəsiz liman” valyutası kimi möhkəmlənir. Lakin bu dəfə vəziyyət fərqlidir: dövlətin borc öhdəliklərinə dair sualların yaranması, xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi və siyasi qeyri-müəyyənlik investorları ehtiyatlı davranmağa məcbur edir. Nəticədə dollar satışı güclənir və onun dəyəri enir. Ortamüddətli perspektivdə hökumətin qapanması ABŞ iqtisadi artımını zəiflədə, statistikanın açıqlanmasını gecikdirə və dövlət xərclərini məhdudlaşdıra bilər. Bu isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) mövqeyinə birbaşa təsir edir”.

İqtisadçı bildirib ki, əgər iqtisadi geriləmə riski artarsa, FED faiz artımlarını təxirə sala və ya daha yumşaq monetar siyasət yürüdə bilər:

“Bu ssenari dolların əlavə zəifləməsinə yol aça bilər. Uzunmüddətli planda isə dolların aqibəti daha fərqli görünür. ABŞ iqtisadiyyatının miqyası, maliyyə bazarlarının dərinliyi və dolların beynəlxalq ticarətdə dominant mövqeyi hələ də onu əsas rezerv valyutası kimi qoruyur. Bununla belə, siyasi böhranların tez-tez təkrarlanması ABŞ-ın maliyyə intizamına dair sualları artıraraq dolların qlobal imicinə zərbə vurur. Nəticə olaraq, qısamüddətli dövrdə dolların zəifləməsi gözləniləndir, amma uzunmüddətli perspektivdə onun qlobal dominantlığı möhkəm dayaqlara malikdir”.

Chosen
16
1
konkret.az

2Sources