EN

Nadir "Ford Mustang" avtomobili hərraca çıxarıldı

Populyar "Bring a Trailer" onlayn hərrac platformasında ABŞ avtomobil sənayesinin əfsanələrindən biri olan "Ford Mustang Boss 429" modelinin unikal nümunəsi satışa çıxarılıb.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə Auto.ru məlumat yayıb.

Məlumata görə, satışa çıxarılan bu nüsxə standart modeldən fərqli olaraq nəhəng 9.8 litrlik mühərriklə təchiz edilib və gücü inanılmaz 1000 at qüvvəsindən artıqdır. Hərracın bitməsinə dörd gün qalmasına baxmayaraq, avtomobilin qiyməti artıq 105 min dollara çatıb.

Bu xüsusi "Mustang" əslində 1969-cu ildə istehsal edilən "Boss 429" modelidir. Avtomobilin orijinal versiyasında 7.0 litrlik V8 mühərriki quraşdırılmışdı. Bu nəhəng mühərrik kapot altında yerləşmədiyindən, "Ford" mühəndisləri avtomobilin asqısını yenidən layihələndirməli və akkumulyatoru baqaja köçürməli olublar. "Boss 429" iki il ərzində cəmi 1 358 ədəd buraxılıb.

Orijinal mühərrik 15:1 sıxma nisbəti olan 9.8 litrlik nəhənglə əvəz edilib və dinamometrik sınaqlar zamanı bu mühərrik 1062 at qüvvəsi göstərib. Odometrin göstəricisinə əsasən, avtomobilin ümumi yürüşü 100 min kilometrdir.

Mühərrikin gücündəki radikal artıma baxmayaraq, "Mustang Boss 429" digər cəhətlərdən, demək olar ki, orijinala uyğundur. Avtomobil, hətta arxa barabanvari əyləclərini və orijinal radio qəbuledicisini belə qoruyub saxlayıb. Dördpilləli mexaniki transmissiya və karbon lifli kardan valı vasitəsilə güc arxa təkərlərə ötürülür.

"Ford Mustang Boss 429" avtomobil mədəniyyətinin əfsanəvi nümunələrindən biri olaraq, həm kolleksiyaçılar, həm də güclü klassik avtomobil həvəskarları arasında hər zaman yüksək dəyər daşıyıb. 1969-1970-ci illərdə məhdud sayda istehsal edildiyi üçün bu model nadir tapılan və yüksək qiymətləndirilən avtomobillərdən biridir.

Chosen
23
2
avtosfer.az

10Sources