EN

ABŞ-Rusiya danışıqları: yeni əsrin sülh imkanı, yoxsa...

III raund - Vaşinqton və Moskva yenidən masa arxasına oturacaq

Yeni dövrdə beynəlxalq münasibətlərdə sülhün vacibliyi danılmaz həqiqətə çevrilib. Qlobal siyasətin əsas prioritetlərindən biri kimi sülhün təmin olunması həm regional, həm də beynəlxalq əməkdaşlığın möhkəmlənməsi üçün həlledici amildir. Müasir dövrün çağırışları göstərir ki, uzun illərdir davam edən qütblərarası gərginliklər, böyük dövlətlər arasında inamsızlıq mühiti, eləcə də regional müharibələr dünya iqtisadiyyatının, beynəlxalq inteqrasiyanın və ümumilikdə, bəşəri inkişafın qarşısında ciddi maneələr yaradır. Sülhün olmaması təkcə bir regionun deyil, bütün dünyanın inkişafına, enerji təhlükəsizliyinə, qlobal ərzaq təminatına və ekoloji sabitliyə də ciddi təsir göstərir.

Bu mənada, dünyanın aparıcı güclərindən sayılan ABŞ ilə Rusiya arasındakı münasibətlər tarixi olaraq, həm əməkdaşlıq, həm də qarşıdurma dövrləri ilə yadda qalır. Xüsusilə XXI əsrin əvvəllərindən münasibətlər tamamilə “soyuq müharibə” dövrünü xatırlatmasa da, hər halda qarşılıqlı etimadın zəifliyi, maraqların toqquşması və geopolitik rəqabət özünü açıq şəkildə göstərirdi. 2014-cü ildən etibarən Ukrayna böhranı, Krımın ilhaqı və ardınca başlayan hərbi qarşıdurmalar Vaşinqton-Moskva münasibətlərini daha da gərginləşdirdi və hətta kəskinləşdirdi - ABŞ-ın tətbiq etdiyi sanksiyalar, NATO-nun Şərqə doğru genişlənməsi ilə planları, Rusiyanın isə öz mövqelərini sərtləşdirməsi bütövlükdə, iki güc mərkəzi arasındakı münasibətləri böhran həddinə çatdırdı. Xüsusi vurğulanmalıdır ki, Bayden administrasiyası dövründə bu münasibətlər daha sürətli enişlə yadda qaldı - Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın Rusiyaya qarşı sərt mövqeyi, Kiyevə hərbi və maliyyə dəstəyi, diplomatik təzyiqləri Vaşinqton-Moskva xəttində münasibətləri ən kritik həddə qədər qabartdı.

Bu ilin əvvəlindən etibarən, ABŞ-da hakimiyyət dəyişikliyi - Donald Trampın yenidən prezident kürsüsünə qayıdışı münasibətlərdə müəyyən keyfiyyət dəyişikliyinə yol açıb. Trampın yanaşması əvvəlki administrasiyadan fərqli olaraq daha çox “dialoq və qarşılıqlı razılaşma” istiqamətindədir. Təsadüfi deyil ki, Trampın prezidentliyə qayıdışından sonra Alyaskada keçirilən görüş münasibətlərdə nisbi stabilliyin əldə olunmasının ilk nümunələrindən biri kimi qiymətləndirilir. Xatırladaq ki, son 9 ayda ABŞ və Rusiya arasında artıq iki raund danışıqlar prosesi keçirilib və tərəflər hələ də mübahisəli məqamlar olsa da, ən azı dialoqu davam etdirmək iradəsi nümayiş etdiriblər.

Rusiya anons verdi: Payızın sonuna qədər...

Qarşıdan isə görüşlərin III raundu gəlir. Bunun anonsu Rusiya tərəfindən səsləndirilib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, Rusiya-Amerika danışıqlarının üçüncü raundu payızın sonuna qədər baş tutacaq. “Danışıqlar payızın sonuna qədər mütləq keçiriləcək. Amma dəqiq tarix hələ yoxdur, bütün məsələlər müzakirə olunur”, - nazir müavini qeyd edib.

Xatırladaq ki, Donald Trampın Ağ Evə qayıtmasından sonra Rusiya və ABŞ prezidentləri arasında bir sıra telefon danışıqları olub. Fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında son üç ildə ilk tammiqyaslı danışıqlar baş tutub. Onlar Ukraynada nizamlanma və Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına diqqət yetiriblər. Avqustun 15-də isə Alyaskada 2021-ci ildən bəri prezidentlər səviyyəsində ilk danışıqlar keçirilib.

Sentyabrın 2-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya və ABŞ xarici işlər nazirlikləri vasitəsilə növbəti məsləhətləşmələr raundu planlaşdırılır. O vurğulamışdı ki, tərəflər hələ də bir çox mübahisəli məsələləri həll etməlidir.

Beləliklə, planlaşdırılan III raund danışıqları həm regional, həm də qlobal siyasət üçün mühüm əhəmiyyət daşıyır. Ryabkovun da açıqladığı kimi, tərəflər arasında müəyyən anlaşmaların əldə olunması mümkündür. Bu baxımdan sözügedən görüş beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Çünki əldə olunacaq razılıq qlobal təhlükəsizlikdən tutmuş enerji və ərzaq böhranına qədər bir çox məsələni həll edə bilər. Əks halda, yeni gərginlik dalğası həm regionu, həm də dünyanı daha böyük təhlükələrlə üz-üzə qoya bilər.

İlk iki raund: “Tanışlıq” mərhələsi...

ABŞ ilə Rusiya arasında keçirilən ilk iki raund danışıqlar beynəlxalq münasibətlər sistemində müəyyən gözləntilər və ehtiyatlı ümidlər doğurdu. İlk raund daha çox tərəflərin mövqelərinin təqdim olunması, qarşılıqlı narazılıqların açıq şəkildə dilə gətirilməsi və gələcək dialoqa “çərçivə” cızılması xarakteri daşıyırdı. Bu görüşdə əsas müzakirə mövzuları Ukrayna müharibəsi, strateji silahların məhdudlaşdırılması, nüvə təhlükəsizliyi, Arktikada əməkdaşlıq və enerji bazarlarında sabitlik məsələləri idi. ABŞ tərəfi Rusiyadan Ukraynadakı hərbi əməliyyatları dayandırmasını, münaqişənin diplomatik yolla həllinə üstünlük verilməsini tələb edirdi. Moskva isə Vaşinqtonu NATO-nun genişlənməsi, silah təchizatı və sanksiya siyasətinə görə ittiham edirdi.

İkinci raund isə bir qədər konstruktiv məzmunla yadda qaldı. Bu dəfə tərəflər yalnız ittihamlarla kifayətlənməyərək müəyyən texniki və praktiki məsələlərin müzakirəsinə də yer verdilər. Xüsusilə strateji sabitlik və nüvə silahlarının azaldılması üzrə minimal razılaşma əldə olunması diqqət çəkdi. Eyni zamanda, humanitar məsələlər - əsirlərin mübadiləsi, təhlükəsizlik zəmanətləri və enerji tranziti mövzuları da müzakirə olundu. ABŞ tərəfi Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı konkret öhdəlik götürməsə də, gələcəkdə müəyyən şərtlər daxilində buna baxıla biləcəyini istisna etmədi.

Bununla belə, hər iki raund həm də tərəflərin nə qədər ziddiyyətli mövqelərə malik olduğunu göstərdi. Nəticə göstərir ki, Vaşinqton üçün Ukrayna məsələsi “qırmızı xətt” olaraq qalır - Moskva isə öz mövqeyindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Hər iki tərəf üçün əsas nəticə dialoqun davam etdirilməsinin mümkünlüyünə inamdır.

Üçüncü raund: razılıq olsa və ya olmasa... nələr olacaq?

Üçüncü raund danışıqlarının daha çox maraq kəsb etməsi isə nəticələrin həm Avropa kontingentinin təhlükəsizliyinə, enerji bazarlarına, qlobal iqtisadi sabitliyə təsir göstərməsi ilə abğlıdır. Beynəlxalq ekspertlərin fikrincə üçüncü raundda əsas müzakirə mövzuları bunlar ola bilər:

- Ənənəvi mövzu: Ukrayna münaqişəsində hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə olunması;

- Qlobal təhlükəsizlik üçün: NATO-Rusiya münasibətlərində eskalasiyanın qarşısının alınması;

- Silahlanma yarışına son vermək üçün: strateji hücum silahlarının məhdudlaşdırılması və yeni razılaşmanın imzalanması;

- Eləcə də: enerji bazarında sabitlik və qlobal enerji təhlükəsizliyinin təmin olunması, əsir və girovların dəyişdirilməsi, humanitar məsələlərin həlli və sairə.

Maraqlı da olsa, əsas diqqətin məhz qlobal nüvə təhlükəsizliyinə yönələcəyi güman olunur. O baxımdan ki, sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə bildirmişdi ki, Rusiya Yeni Strateji Hücum Silahlarının Azaldılması (Yeni START) müqaviləsinin 2026-cı il fevralın 5-də müddəti bitdikdən sonra daha bir il ərzində kəmiyyət məhdudiyyətlərinə könüllü şəkildə əməl etməyə hazırdır. Əgər belə bir razılıq əldə olunarsa, bu, həm də siyasi mühitdə ciddi rahatlama yaradacaq. Bu baxımdan üçüncü raund sadəcə diplomatik görüş deyil, həm də gələcək geosiyasi balansın konturlarını müəyyən edəcək proses kimi xarakterizə olunur.

Paralel olaraq əldə olunacaq kompromis gələcək geosiyasi mənzərəyə yeni ştrixlər qazandıra bilər. Ukrayna müharibəsinin bitməsi həm də Avropa İttifaqının enerji təhlükəsizliyinə, həm də qlobal ərzaq bazarına birbaşa təsir göstərəcək. Çünki hazırda Ukrayna müharibəsi taxıl ixracatına, enerji tranzitinə və nəqliyyat dəhlizlərinə ciddi zərbə vurub.

Bu, son dövrlərdə daha çox diqqət çəkən NATO-Rusiya gərginliyini də azalda bilər. Paralel olaraq həm Avropanın, həm də ABŞ-ın Rusiyaya qarşı sanksiyaları məsələsi gündəmə gələcək - təsadüfi deyil ki, G7-nin maliyyə nazirləri Rusiyadan neft almağa davam edən ölkələrə təzyiqi artırmaq barədə razılığa gəliblər. Xarici agentliklər xəbər verir ki, bu, nazirlərin görüşünə dair birgə bəyanatda əksini tapıb - bildirilir ki, “Biz razılaşdıq ki, indi Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına maksimum təzyiq göstərməyin vaxtıdır. Biz Rusiya neftinin alışını artırmağa davam edənləri və sanksiyalardan yayınmağa kömək edənləri hədəfə alacağıq”.

Beləliklə, razılaşma bir çox kontekstlərdə yeni mühitə start verəcək - bu amil hətta Moskvanın iqtisadiyyatında nisbi sabitlik yarada bilər.

Ukraynanın və Avropanın mövqeyi: Kim nə istəyir?

Siyasi mütəxəssislərin fikrincə, Vaşinqton ilə Moskva arasında danışıqların mənfi çalarlara yönəlməsi isə vəziyyəti daha da çıxılmaz edə bilər - bu, beynəlxalq münasibətlər sistemində yeni gərginlik dalğasına yol açacaq. İlk növbədə, Ukrayna müharibəsi daha da uzanacaq və münaqişənin digər regionlara yayılma riski artacaq. Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı isə indiyə qədər görünməmiş həddə yüksələ bilər.

Bundan əlavə, ABŞ və Rusiya arasında gərginliyin davam etməsi BMT Təhlükəsizlik Şurasının fəaliyyətini də iflic vəziyyətə salacaq. Çünki iki daimi üzv arasında konsensusun olmaması qlobal məsələlərin - Yaxın Şərq böhranından tutmuş iqlim dəyişikliyinə qədər - həllini mümkünsüz edəcək. Nəticədə, dünya daha təhlükəli və qeyri-sabit bir mərhələyə qədəm qoyacaq.

Nəhayət, ən vacib məqam - ABŞ-Rusiya danışıqlarının həssas tərəfi Ukraynanın mövqeyi ilə bağlıdır. Çünki münaqişənin əsas tərəfi məhz Ukraynadır və bu ölkənin razı olmadığı hər hansı anlaşma davamlı ola bilməz. Ukrayna rəhbərliyi indiyədək dəfələrlə bəyan edib ki, ərazi bütövlüyü tam bərpa olunmadan heç bir razılaşma qəbul edilməyəcək. Bu isə Moskvanın mövqeyi ilə ziddiyyət təşkil edir.

Paralel olaraq bu danışıqlarla bağlı Avropanın mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. Qərb poltoloqlarının fikrincə, ABŞ ilə Rusiya arasında daha isti münasibətlər Brüsselin maraqları ilə tam uyğun gəlmir. Avropa qitəsi bir tərəfdən müharibənin dayandırılmasını arzulasa da, digər tərəfdən ABŞ-ın Moskva ilə çox yaxınlaşmasını özünün strateji maraqlarına təhlükə hesab edir.

Bütün bunlar isə göstərir ki, ABŞ-Rusiya danışıqlarının ortaya çıxaracağı nəticələr yalnız iki ölkə arasındakı danışıqlar prosesi kimi məhdudlaşmır - bu proses qlobal miqyasda təhlükəsizlik arxitekturasının müəyyənləşməsində müəyyən təsiredici rola malikdir...

Pərviz İSMAYILOV

Chosen
26
50
yeniazerbaycan.com

10Sources