EN

Azərbaycanda toylarla bağlı yeni qadağa? – Dəyişiklik gündəmdə



Son zamanlar yol polisi toy karvanları ilə bağlı tez-tez xəbərdarlıqlar edir. Bildirilir ki, adətən burada iştirak edən avtomobillər küçələrdə ya sıxlıq yaradırlar, ya da təhlükəli manevrlər edərək “avtoşluq”la məşğul olurlar. Nəticədə digər hərəkət iştirakçılarına maneə yaranır.

Toy karvanları ilə bağlı məhdudiyyətlərə ehtiyac varmı? Sözügedən adət zamanla sıradan çıxarılmalıdırmı?

aia.az xəbər verir ki , Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, “toy karvanı” fenomeni cəmiyyətimizdə kollektiv emosiyanı, sevinci və şadyanalığı ifadə edən bir ənənə formasıdır:

“Cəmiyyətlərin ənənəvi ritualları həm həmrəylik yaradır, həm də sosial normaların sərhədlərini göstərir. Problem bu adətin müasir şəhər infrastrukturu ilə uyğunlaşmayan yönlərindədir. Əlbəttə ki, simvolik kapitalın nümayişi də var. Yəni kimin daha gurultulu, uzun, bahalı maşınlarla dolu bir karvanı varsa, o, daha yüksək sosial status sahibi kimi görünür. Xoşagəlməz hadisələr, hətta bəzən qayda və qanun pozuntuları məhz bu simvolik kapital axtarışı zamanı sərgilənən fanatizmə görə ortaya çıxır. Məsələn, Dağıstan və ətraf bölgələrdə gəlin maşınından dərhal sonra gələn ikinci maşın olmaq xüsusi imtiyaz ifadə edir. Bu uğurda maşınlar bəzən bir-birlərini əzməyi belə gözə alırlar”.

Sosioloqun fikrincə, ənənələrin yenidən şərh olunmasına ehtiyac var:

“Ənənədir” deyib hər şeyi qorumaq bəzən təhlükəsizlik kimi daha fundamental dəyərləri kölgədə qoya bilər. Buna yol verilməməlidir. Sosioloji yanaşma sərt qadağadan daha çox, normaların tənzimlənməsini üstün tutur. Toy karvanının varlığına yox, təhlükəli və asayişi pozan formalarına məhdudiyyət qoyulmalıdır. Çünki problem toyda və ya toy karvanında deyil, “avtoşluqda”dır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hər kəs istədiyi adətləri həyata keçirə bilər:

“Amma ümumi istifadədə olan yollarda belə ənənələri tətbiq etmək olmaz. Toy karvanlarına hər hansı bir qadağanın qoyulmasının tərəfdarı deyiləm”.

aia.az



Chosen
8
8
aia.az

9Sources