EN

Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan

Ermənistan və Azərbaycan blokadada olan nəqliyyat kommunikasiyalarının açılması və qarşılıqlı infrastrukturdan istifadə barədə razılığa gəliblər. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində deyib. 

Mirzoyan bildirib ki, razılaşma dəmir yolları, avtomobil yolları, boru kəmərləri və enerji xətləri daxil olmaqla, bütün nəqliyyat və infrastruktur kommunikasiyalarını əhatə edir.

“Biz bir-birimizin infrastrukturundan normal qonşular kimi istifadə edə bilərik, məsələn, Avropada və ya başqa yerlərdə,” –  nazir bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa dəmir yolu bağlantısı bu layihənin tərkib hissəsidir və həmin marşrut TRIPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu adı altında inkişaf etdiriləcək.

Mirzoyan deyib ki, Ermənistan və ABŞ-ın birgə yaratmağı planlaşdırdığı konsorsium, TRIPP layihəsinin əsas inşaatçısı və operatoru olacaq. Konsorsium, həmçinin üçüncü şirkətləri cəlb etməklə dəmir yolu keçidinin tikintisi, istismarı və xidmətlərinin göstərilməsini təmin edəcək. Layihə çərçivəsində boru kəmərləri və enerji xətləri də nəzərdə tutulur.

Nazir vurğulayıb ki, Ermənistan da Naxçıvan ərazisindən istifadə etməklə ölkənin şimal və cənub hissələrini dəmir yolu ilə birləşdirməyi planlaşdırır. Hal-hazırda belə bir əlaqə mövcud deyil.

“Bütün razılaşmalar qarşılıqlı əsasda həyata keçiriləcək,” –  Mirzoyan əlavə edib.

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişədən sonra, tərəflər hazırda nəqliyyat dəhlizlərinin açılması və iqtisadi inteqrasiya üzrə danışıqlar aparır. Naxçıvana keçid məsələsi son illərdə aparılan danışıqlarda əsas müzakirə mövzularından biri olub. TRIPP layihəsi bu kontekstdə regional sabitlik və iqtisadi əməkdaşlıq üçün potensial bir mexanizm kimi təqdim edilir.

Gülnar Nazimqızı 

Chosen
23
2
anews.az

3Sources