EN

Avropada siyasi birlik lazımdır

Avropanın gələcəyinə dair bütün konsepsiyalar bu Zirvə görüşlərində güclənəcək

Avropa Siyasi Birliyi platforması Praqa şəhərində 2020-ci ilin oktyabrında təsis edilib. İlkin məqsəd Avropa qitəsində siyasi dialoqu genişləndirmək idi. Burada xüsusi qeyd olunmalı məqam odur ki, sözügedən Birlik Avropa təsisatlarını əvəz etmir, sadəcə olaraq daha geniş siyasi platforma təqdim edir. Birliyin yaranmasını isə bəzi amillər şərtləndirdi. Belə ki, XX əsrin ən uğurlu siyasi layihəsi kimi baxılan Avropa İttifaqına və bütövlükdə Avropa təsisatlarına münasibətdə nəinki xarici, həm də daxili tənqid səslərinin ucaldığının şahidi olduq. Daxildə belə bir düşüncə var idi ki, qlobal liderlik dövrümüz başa çatıb, bu baxımdan dünyaya uyğunlaşa bilmək üçün yeni yol, strateji baxışın yenilənməsinə ehtiyac duyulur. Xüsusi bir digər məqam odur ki, Birlik İttifaqdan daha açıq mövqe sərgiləməyə başladı. Belə ki, sadəcə  Avropanı əhatə edən deyil, Avro məkana inteqrasiya potensialı olan aktorları özünə doğru irəlilətməyə, cəlb etməyə, bunu özü təklif etməyə başladı. Tarix və reallıq heç bir təsisatın əbədi olmadığını, yenilənməni məhz zamanın tələb etdiyini göstərir. Avropa Siyasi Birliyində müzakirələr zamanı ən böyük enerji potensial silkələnmələrdən sığortalanmaq yolunda sərf edilir.  Ancaq bu gün bu birlik hələ ki, natamam olaraq qalır, Avro məkanının qurucu atalarının xəyalında olan reallığı tam formalaşdıra bilmirlər. Çünki təkcə Avropanın özünün təsəvvür belə edə bilmədiyi çətinliklər qarşısında potensialı yetərli deyil. Bu baxımdan kənar aktorların potensialına ehtiyac var. Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birliyin görüşlərinə, qızğın müzakirələrinə xüsusi dəvət alır. Bu baxımdan dövlət başçımızın oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlməsi Azərbaycan Liderinin hərtərəfli xarici siyasət konsepsiyasından, dünyaya açıq olduğumuzdan xəbər verir: "Azərbaycan Avro strukturlara həmişə açıq olub, qarşılıqlı əməkdaşlıqda maraqlı olub. Yetər ki, burada diktə olmasın. Birlik həm də o baxımdan fərqlənir ki, Avropanı silkələmək məqsədi daşıyan istənilən mötəbər təklifə açıqlıq nümayiş etdirir. Bu, Avropa İttifaqının bəzi məqamlarda olduqca qapalı davrandığı və dünyaya daha dayanıqlı inteqrasiya baxımından onilliklər ərzində gözdən qaçırdığı mühüm detaldır. Avropa Siyasi Birliyində baş tutan müzakirələr zamanı Azərbaycan Liderinin verdiyi töhfələrə, ideyalarına dəqiqliklə qulaq verirlər. Buna görədir ki, müzakirə və görüşlər zamanı dövlət başçımızın şəxsi və lider keyfiyyətlərindən bəhs edilir, xüsusi minnətdarlıq səsləndirilir. Vahid olsa da, lakin səssiz olan Avropa İttifaqı strateji müdafiə və inkişaf düyünlərini tam aça bilmirdi. Bu baxımdan onsuz da kövrək olan "maliyyə sabitliyi paketlərini" dayanıqlı saxlamağın yollarında yeni maddi və qeyri-maddi resurslara ehtiyac duyur. Bu baxımdan Azərbaycana, onun Liderinə Birlik daxilində hörmət olunur. Hətta belə düşüncə mövcuddur ki, Avropanı daxildən zəiflətməyə yönəlmiş dezinformasiya platformalarına belə müdaxilə edə bilmirik. Qapalı davranmağın riski qərarsızlığın dəyərini səhv hesablamaqdan təhlükəlidir. Sonu gəlməyən münaqişələrdə qeyri-müəyyənlik artan böyük xərclər tələb edir. Bütün bu reallıqlar fonunda siyasətçilərin praqmatik baxışlarına ehtiyac duyulur. Məhz buna görədir ki, olduqca mürəkkəb regionda Azərbaycanı uğur mərtəbəsinə necə qaldırmağın yolları haqqında dövlət başçımızın təcrübəsinə ehtiyac duyulur, bu praktikaya istinad olunur".

Millət vəkili hesab edir ki, Birlikdə struktural yenilənmə də vacibdir: "Belə ki, Avropa Parlamentini seçən qanun hansı ki, dünyada yeganə millətlərüstü seçilmiş assambleya hesab olunur, onun ilk birbaşa seçildiyi 1979-cu ildən bəri dəyişməz olaraq qalmışdır. Bu istiqamətdə Avropanın köklü islahatlara ehtiyacı var. Real problemləri həll etmək əvəzinə yalnız öz nüfuzlarını artırmaq məqsədi ilə addım atan aktorların iradələrindən də kənara çıxılmalıdır. Avropada siyasi birlik lazımdır, Avropa ümumi müdafiə ilə təchiz olunmalıdır. Bu, təkcə özünü Rusiyadan qorumaq üçün deyil, həm də nüfuzdan düşdüyü digər regionlarda yenidən hərəkət etmək gücünə sahib olmaq üçün lazımdır. Odur ki, Avropanın gələcəyinə dair bütün konsepsiyalar bu Zirvə görüşlərində güclənəcək. Müzakirələr vasitəsilə yeni inkişaf formalarını təsəvvür etmədən və sınaqdan keçirmədən Avropa iflic vəziyyətində qalacaq. Avropanı özünün iddia etdiyi demokratiyanın, iqtisadi inkişafın və qlobal gücün yeni formaları üçün laboratoriyaya çevirən bu Birliyə zərurət var".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources