EN

Yaponiyanın Yamato Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yamato Universitetinin rektoru və tələbə-müəllim heyəti ilə görüşüb.

Bu barədə komitədən verilən məlumata görə, Universitetin rektoru Şinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda universitetlə əməkdaşlıq imkanları müzakirə olunub və azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraq göstərdikləri diqqətə çatdırılıb.

Yamato Universitetinin rektoru Şinji Matsumoto qonaqları səmimi salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və tədris prosesi barədə danışıb. O, azərbaycanlı tələbələrin rəhbərlik etdiyi universitetdə təhsil almağa artan marağını müsbət qiymətləndirib.

Daha sonra universitetin tələbələrinə ölkəmizin müstəqillik tarixi, regiondakı mövqeyi və dövlətimizin müasir inkişaf mərhələləri ilə bağlı ətraflı məlumat verilib. Komitə sədri tələbələr qarşısında Azərbaycanın müstəqillik tarixi, qabaqcıl ictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zəngin multikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasında məruzə ilə çıxış edib.

Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızda suverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digər mühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqla izləyiblər.

Daha sonra azad Şuşada səsləndirilən və Xalq artist, maestro Yalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə ifa olunan “Qarabağ şikəstəsi” nümayiş olunub. Tələbələr “Qarabağ şikəstəsi”ni və onlarla görüşdə iştirak edən maestronu alqışlarla qarşılayıblar.

Universitetdə görüş fikir mübadiləsinin aparılması və tələbələrin suallarının cavablandırılması ilə davam edib. Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasına hədiyyə olunub.

Mustafa Kamal
XQ

Chosen
25
4
xalqqazeti.az

7Sources