EN

Moskvada saxlanılan milyarder İbrahim Süleymanov kimdir?

Rusiyanın ən qapalı və nüfuzlu oliqarxlarından biri hesab olunan milyarder İbrahim Süleymanov saxlanılıb.

News365.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Süleymanov oktyabrın 2-nə keçən gecə Moskva Cinayət Axtarış İdarəsi (MUR) tərəfindən tutulub.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham irəli sürülür. İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

İbrahim Süleymanov 1967-ci ildə Dağıstanın Rutul rayonunun Rutul kəndində anadan olub. O, uzun illərdir kölgə biznesi elitasının üzvü kimi tanınır və “Sirrena-Travel” (aviasiya biletlərinin dövlət rezervasiya sistemi) üzərində ciddi təsirə malikdir.

Rusiya mediası onun kriminal keçmişini xüsusi vurğulayır. Süleymanov daha əvvəl milyardlarla dəyərində dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə məhkum olunub, həmçinin silah saxlama maddəsi üzrə də məsuliyyət daşıyıb. 2007-ci ildə məhkəmə onu 10 il 8 ay həbs cəzasına məhkum edib, lakin 2015-ci ildə vaxtından əvvəl azadlığa çıxıb.

O, Platon Lebedevin (Xodorkovskinin keçmiş tərəfdaşı, “YUKOS işi”nin fiqurantı) kürəkənidir. Oğlu Rəsul Süleymanov rəsmi sənədlərdə “Sirrena-Travel” və bir sıra digər iri şirkətlərin payçısı kimi göstərilir. Lakin Rusiya KİV-ləri bu aktivlərin əsl benefisiarının İbrahim Süleymanov olduğunu iddia edir.

Ailəsi vasitəsilə həm ofşor şirkətlərə, həm də strateji İT infrastruktura nəzarət etdiyi bildirilir.

Onun adı bir sıra qalmaqallı hadisələrlə də əlaqələndirilir: 2000-ci illərdə aviasiya konsorsiumlarında böyük maliyyə maxinasiyaları, qanunsuz silah saxlanması, reket və aktivlərin ələ keçirilməsi, həmçinin həmkar ittifaqı lideri Gennadi Borisovun qətli ilə bağlı ehtimallar (Borisov 25 bıçaq zərbəsi ilə öldürülmüşdü) səsləndirilir.

Hazırda onun barəsində yeni cinayət işi üzrə istintaq davam etdirilir.

Chosen
37
6
news365.az

7Sources