EN

ELM VƏ TƏHSİL NAZİRLİYİNDƏKİ İSTEFALARIN PƏRDƏARXASI... Nə baş verir?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kamran Əsədov: “İstefalar neqativ hal kimi qiymətləndirilməməlidir, əksinə...”

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov vəzifələrindən istefa ediblər.

“AzPolitika”nın məlumatına görə, Elnur Nəsibov öz ərizəsi əsasında Elm və Təhsil nazirinə müraciət edib və əmək müqaviləsinə xitam verilib. Nazir Emin Əmrullayevin imzaladığı əmrə əsasən, fondun İdarə Heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Təhsilin İqtisadiyyatı Şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

Elnur Nəsibov “Facebook” səhifəsində paylaşım edərək, beşillik fəaliyyətindən sonra təhsil sistemindən ayrıldığını bildirib: “Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla, bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram,” – deyə Nəsibov qeyd edib.

Bənzər şəkildə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da öz ərizəsi əsasında işdən ayrılıb. Onun vəzifəsinin müvəqqəti icrasını agentliyin direktor müavini Simnar Məmmədova həyata keçirəcək.

Qeyd edək ki, yerli media istefaların səbəbsiz olmadığını, sözügedən nazirlikdə daxili çəkişmələrin təzahürü olduğunu iddia edir. Bildirilir ki, istefalar davamlı olacaq və Elm və Təhsil Nazirliyinin digər strukturlarındakı bəzi rəhbər şəxsləri də əhatə edə bilər.

Təhsil eksperti Kamran Əsədov nazirlikdəki istefaları “AzPolitika”ya şərh edərkən bildirib ki, bu dəyişikliklər sadəcə kadr rotasiyası deyil, idarəetmədə çevikliyin və islahatların yeni mərhələyə keçidinin göstəricisidir: “İlk növbədə qeyd etmək lazımdır ki, Elnur Nəsibov və Ceyhun Kərəmovun fəaliyyəti təhsil sistemində mühüm iz qoyub. Nəsibov Təhsilin İnkişaf Fondu vasitəsilə tələbələrə sosial və maliyyə dəstəyi göstərib, “Tələbə kartı” layihəsini işə salıb, təhsil forumları və gənclər üçün müzakirə platformaları təşkil edib. Bu təşəbbüslər tələbələrin təhsilə çıxışını asanlaşdırmaqla yanaşı, onların sosial müdafiəsini gücləndirib. Eyni zamanda, Nəsibovun rəhbərliyi ilə fond tərəfindən yüzlərlə tələbəyə təhsil krediti və qrant dəstəyi göstərilib, xaricdə təhsil imkanlarının maliyyələşdirilməsi təmin olunub.”

K. Əsədov əlavə edib ki, Ceyhun Kərəmovun fəaliyyəti də sistemin davamlı inkişafına töhfə verib: “O, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri kimi əmək bazarına uyğun kadr hazırlığında mühüm rol oynayıb. Onun dövründə yeni peşə təhsili müəssisələri istifadəyə verilib, müasir ixtisaslar tətbiq olunub, xarici ölkələrlə əməkdaşlıq genişləndirilib. Əgər bir neçə il əvvəl peşə təhsilinə qəbul nisbətən aşağı idisə, indi bu göstərici iki dəfədən çox artaraq 100 minə yaxın şagirdi əhatə edir. Agentliyin təşkil etdiyi beynəlxalq sərgilər, peşə festivalları və işəgötürənlərlə əməkdaşlıq formatları gənclərin praktik bacarıqlarını artırmaq üçün mühüm addımlar olub.”

Ekspert vurğulayıb ki, bu dəyişikliklər idarəetmədə çevikliyin göstəricisidir:“Dövlət idarəçiliyində rotasiya prosesi yalnız şəxslərin dəyişdirilməsi deyil, həm də sistemin yenilənməsi və müasir çağırışlara uyğunlaşması deməkdir. Hər iki rəhbərin fəaliyyəti təhsil sisteminin müxtəlif seqmentlərini gücləndirib: biri tələbələrin maliyyə və sosial təminatını yaxşılaşdırıb, digəri isə əmək bazarına uyğun kadr hazırlığını inkişaf etdirib. Bu baxımdan, istefalar neqativ hal kimi qiymətləndirilməməlidir, əksinə, sistemin çevikliyini və islahatların davamlılığını göstərən normal prosesdir.”

Kamran Əsədov qeyd edib ki, Azərbaycanda təhsil sistemi fərdlərdən asılı deyil:“Təhsil siyasəti dövlətin uzunmüddətli strategiyasına əsaslanır. Bu siyasət rəqəmsal platformaların tətbiqi, beynəlxalq əməkdaşlıqlar və təhsilin məzmununun yenilənməsi kimi islahatlarla davamlı olaraq inkişaf edir. Həm Elnur Nəsibovun, həm də Ceyhun Kərəmovun fəaliyyəti bu prinsiplərə xidmət edib və onların gördüyü işlər təhsil sisteminin modernləşməsinə mühüm töhfə verib.”

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
azpolitika.info

1Sources