EN

Kopenhagen zirvəsi: Azərbaycanın Avropada nüfuzunun təsdiqi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropadakı diplomatik çəkisi sadəcə iştirakla məhdudlaşmır, əksinə proseslərin istiqamətləndirilməsində mühüm rol oynayır. Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi” Zirvə toplantısı bunu bir daha təsdiqlədi.

Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, dövlətimizin başçısının Avropa liderləri ilə görüşləri Azərbaycan tərəfinin təşəbbüsü ilə deyil, məhz qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu fakt onun Avropa siyasi məkanında qazandığı hörmətin və qəbul edilən nüfuzunun real göstəricisidir.

Əslində, bu cür yanaşma Azərbaycanın beynəlxalq imicinin necə dəyişdiyini açıq şəkildə ortaya qoyur. Bir vaxtlar regionun əsasən lokal məsələləri ilə assosiasiya olunan Bakı bu gün qlobal siyasətdə etibarlı tərəfdaş kimi qəbul edilir. Avropa liderlərinin görüş üçün müraciət etməsi Azərbaycanın artan strateji əhəmiyyətinə verilən cavabdır. Bu həm enerji təminatçısı, həm də regional sabitliyin təşəbbüskarı kimi ölkəmizə göstərilən yüksək dəyərin ifadəsidir.

Bununla yanaşı, bu səfərdə keçirilən görüşlər Azərbaycanın Avropa üçün artıq vazkeçilməz aktora çevrildiyini nümayiş etdirdi. Həm enerji xəritəsindəki mövqeyimiz, həm də sülh prosesində tutduğumuz prinsipial mövqe Avropada Azərbaycana olan münasibəti müsbət istiqamətdə möhkəmləndirir.

Əgər danışıqların təşəbbüsü qarşı tərəfdən gəlirsə, bu o deməkdir ki, Avropa Azərbaycanı dialoqdan kənarda təsəvvür etmir və onun mövqeyinə ehtiyac duyur.

Beləliklə, Kopenhagen zirvəsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin Avropada siyasi nüfuzu yüksəkdir və bu nüfuz artıq konkret nəticələrlə öz təsdiqini tapır. Azərbaycanın imici pozitiv tərəfdaşlıq, etimad və hörmət üzərində qurulub. Dövlətimizin başçısına göstərilən diqqət isə Azərbaycanın beynəlxalq aləmdəki artan çəkisinin və strateji əhəmiyyətinin bariz nümunəsidir.

Züriyə Qarayeva

Chosen
41
bakivaxti.az

1Sources