EN

Şərurlu İsfəndiyarın işi üzrə ekspert rəyi elan edildi - Təhqir təsdiqləndi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Sitat.info xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə ekspertiza rəyi elan edilib.

Linqivistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib.

Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildiriblər. Vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatətlə çıxış edib.

Emil Səməndərovun vəkili Asim Abbasov isə qeyd edib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Bu səbəbdən vəsatətin təmin edilməməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Vəkil Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılması üçün vəsatət verib. Məhkəmə vəsatətə baxılmasını təxirə salıb.

Növbəti proses oktyabrın 16-na təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.

Buna görə də İ. Axundov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Chosen
16
13
sitat.info

10Sources