EN

Pənah Hüseyn Rəsul Quliyevdən rüşvət alıb? AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan siyasi arenasında Pənah Hüseynin özünəməxsus yeri var. O, 1992-ci ilin mayından 1993-cü ilin aprel ayına kimi dövlət katibi, 1993-cü ilin aprel-iyun aylarında Baş nazir vəzifəsində çalışıb. 2005-2010-cu illərdə III çağırış Milli Məclisin deputatı olub.

Pənah Hüseyn 1999-cu ildə təsis edilmiş Azərbaycan Xalq Partiyasının (AXP) sədridir. Bu il iyun ayının 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə edib. 

Pənah Hüseyn hazırda partiyanın həyatında hansı rolu oynayır? Bu qərarı ilə bağlı siyasətçilərdən ona münasibət bildirən olubmu? Rəsul Quliyevi rüşvət müqabilində vəzifəyə təyin etdiyi ilə bağlı iddialara cavabı nədir?

Modern.az saytı bu suallarla sabiq Baş nazir Pənah Hüseynlə həmsöhbət olub.

Əvvəlcə AXP-nin fəaliyyətinə toxunan siyasətçi partiyanın bu ilin sonunda və ya gələn ilin əvvəlində qurultay keçirməyi planlaşdırdığını bildirib:

“Mən hələ də rəsmi olaraq “Siyasi partiyalar haqqında” qanuna və partiyaların fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarına görə AXP-də sədrəm. Müvafiq qanunlara görə yeni sədr ancaq qurultayda seçilir. Partiyanın səlahiyyətli nümayəndəsi hüquqi fakt kimi Ədliyyə Nazirliyində qeydə alınır. O baxımdan mən səlahiyyətli şəxs kimi qalıram. Nizamnamənin müvafiq maddəsinə əsasən, sədrin səlahiyyətlərini müavin icra edir. Bizdə nizamnaməyə görə bir müavin var. Hazırda partiya sədrinin səlahiyyətlərini Qiyas Sadıqov icra edir.

Partiya özünün növbədənkənar qurultayını keçirməyə hazırlaşır. Növbədənkənar qurultayın keçirilməsi bu ilin sonuna və ya gələn ilin əvvəlinə nəzərdə tutulur. Yeni sədrin seçilməsi qurultayın gündəliyində olacaq”.

P.Hüseyn deyib ki, sədr səlahiyyətlərini müavininə verdikdən sonra bəzi siyasətçilər ona zəng edib bunun səbəbilə maraqlanıblar:

"Mən siyasətdən hələ getməmişəm. Keçmiş dövlət katibi, eks-Baş nazir, Milli Məclisin sabiq üzvü Pənah Hüseyn olaraq qalıram və fəal siyasi fəaliyyətdəyəm, partiyanın rəhbərliyinə daxil olan, İdarə Heyətinin üzvü kimi aktiv fəaliyyəti davam etdirirəm”.

Sabiq Baş nazir vaxtilə müavini olmuş Rəsul Quliyevin sosial şəbəkədəki çıxışlarını bəzi hallarda izlədiyini söyləyib:

“Mütəmadi və sistemli şəkildə Rəsul Quliyevin çıxışlarını izləyirəm demək doğru olmaz. Amma əlbəttə, onu da dinləyirəm. Məni maraqlandıran mövzularda digər siyasətçilərə, politoloqlara da baxıram”.

Rəsul Quliyevdən vaxtilə onu Baş nazirin müavini vəzifəsinə təyin etmək üçün pul aldığı ilə bağlı iddialara isə Pənah Hüseyn belə cavab verib:

“Bu, çox qeyri-ciddi bir iddiadır. Mən birinci dəfədir, bunu sizdən eşidirəm. Siz bu sualı verənədək heç kəsdən, hətta əleyhimizə olan ən sərt adamlardan bu iddianı səsləndirə rast gəlməmişəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
7
modern.az

8Sources