EN

İsfəndiyar Axundovun HƏBSİNİ qaçılmaz edən rəy verildi

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

 

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab edir.

 

Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir.

 

Ötən prosesdə hakim iş üzrə təyin edilmiş linqvistik ekspertizanın yekunlaşdığını və ekspertiza rəyinin məhkəməyə daxil olduğunu bildirmişdi.

 

Bu gün keçirilən prosesdə ekspertiza rəyi elan edilib. Linqvistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib.

 

Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildiriblər. Vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik İnstitutundan əlavə mütəxəssis çağırılması ilə bağlı vəsatət verib. Emil Səməndərovun vəkili Asim Abbasov isə qeyd edib ki, linqvistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Bu səbəbdən vəsatətin təmin edilməməsini xahiş edib.

 

Məhkəmə vəsatəti təmin edib. Vəkil Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılması üçün vəsatət verib. Məhkəmə vəsatətə baxılmasını təxirə salıb.

 

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

 

Növbəti proses oktyabrın 16-na təyin edilib.

 

Musavat.com

Tarix: 3 Oktyabr 2025, 14:02   
Chosen
15
5
pravda.az

10Sources