EN

Xırdalanda qadın sosial şəbəkədə tanış olduğu sevgilisini bıçaqladı - TƏFƏRRÜAT

Abşeron rayonunda ər-arvad arasında mübahisə cinayətlə nəticələnib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə ötən il dekabrın 22-də Xırdalan şəhərində baş verib.
 
1989-cu il təvəllüdlü Fizzə həmin gün saat 19 radələrində yaşadığı evin hasarla əhatələnmiş həyətində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Elşadla (adlar şərtidir - red.) mübahisə edib.
 
Fizzə ərinin daim spirtli içkilər qəbul etməsinə və ona maddi dəstək olmamasına iradını bildirib.
 
Mübahisə əsnasında qadın əsəblərini cilovlaya bilməyib və ərinin üzərinə hücum edib. Əvvəlcə əli ilə onun sifətinə şillə vurub, ardınca onun sol əlinə xəsarətlər yetirib.
 
Daha sonra mətbəx bıçağını götürüb və zərərçəkmiş şəxsin sol bud nahiyəsindən vurub.
 
Hadisəni törədən Fizzənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.
 
İş üzrə izahat verən Fizzə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs onunla qeyri-rəsmi münasibətdədir:
 
"Elşaddan əvvəl 2010-cu ildən 2013-cü ilədək Mehdi ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışam. Həmin münasibətdən 2012-ci il təvəllüdlü övladım doğulub.
 
Elşadla 2024-cü ildə "TikTok" sosial şəbəkəsində tanış olmuşam. Anama əlil arabası axtararkən Elşadla əlaqə saxlayaraq onunla danışdım. Bundan sonra tanışlığımız yarandı".
 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə gün sonra Elşad Mingəçevir şəhərindən gəlib və onların yaşadığı evdə qalmağa başlayıb:
 
"2024-ci ilin noyabr ayında dini nikah bağladıq. Lakin bir müddət sonra Elşadın içki aludəçisi olduğunu bildiyim üçün münasibətlərimiz korlandı. Ona dəfələrlə ayrılmağı təklif etdim. Lakin razılaşmaq istəmədi. Bir neçə gün əvvəl Elşad yaşadığım ünvana gəldi. Söhbət əsnasında ona yenə ayrılmağı təklif etdim, o bu dəfə də etiraz etdi".
 
Fizzə bildirib ki, 2024-cü il dekabrın 22-də saat 19 radələrində evdə olarkən Elşada içkidən əl çəkməyi və ona maddi dəstək göstərməyi deyib:
 
"Onunla aramızda münaqişə baş verdi. Ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdim və onun sol əlindən tutaraq çəkdim. Sonra mətbəxdə oturdum, bıçaqla yemək hazırladım.
 
Kartof soyarkən Elşad mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadə işlətdi, sonra həyətə düşdü. Arxasınca gedərək ona yaxınlaşdım. Əlimdəki mətbəx bıçağı ilə sol bud nahiyəsinə vurdum".
 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Fizzə 1000 manat miqdarında cərimə olunub.
Chosen
16
4
moderator.az

6Sources