EN

“Şimali Kiprin müstəqilliyinin tanınmasında Azərbaycan ön sırada ola bilər” – ŞƏRH – ÖZƏL

"Azərbaycanın əsas hədəflərindən biri Türk Dövlətləri Təşkilatının daha da inkişaf edib güclənməsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, rəsmi Bakı bu hədəfi özünün prioriteti və əsas istiqaməti hesab edir. Hazırkı şərait göstərir ki, məhz Azərbaycan Türk Dövlətləri Təşkilatında avanqard qüvvə rolunu oynayır. Son zamanlar Türk dövlətlərinin toplantıları əsasən Azərbaycanda keçirilir. Daha əvvəl Şuşada və digər şəhərlərdə toplantılar təşkil olunmuşdu. İndi isə görüşün Qəbələ şəhərində keçirilməsi nəzərdə tutulur. Bu fakt da göstərir ki, Azərbaycan təşkilatın aparıcı və avanqard dövləti kimi çıxış edir. Təşkilatın inkişaf və güclənmə prosesinə məhz Azərbaycan liderlik edir.

Siyasi ekspert qeyd edib ki, hazırda dünyada Türk Dövlətləri Təşkilatının inkişafında maraqlı olan dövlətlərlə yanaşı, bu prosesə qıcıqla yanaşan, müqavimət göstərən və əngəl törətmək istəyən qüvvələr də mövcuddur. Böyük Britaniya Türk dövlətləri ilə əlaqələrin yüksək səviyyədə inkişafında maraqlı görünür. Lakin bəzi dövlətlər, xüsusilə Rusiya, təşkilatın güclənməsindən ciddi narahatdır və bunu öz gələcək hədəflərinə real maneə hesab edirlər.

E. Xalidbəylinin sözlərinə görə, əgər yaxın gələcəkdə proseslər indiki templə davam etsə, Türk Dövlətləri Təşkilatının təxminən Avropa Birliyinə bənzər bir koalisiyaya çevrilməsi mümkündür. Bu halda ortaq inkişaf istiqamətlərinin müəyyənləşməsi və daha çox ön plana çıxması qaçılmaz olacaq. Azərbaycanın çalışdığı da məhz budur və yaxın gələcəkdə bu istiqamətdə daha böyük uğurların əldə olunması istisna deyil.

"Şimali Kipr də artıq Türk Dövlətləri Təşkilatının toplantılarında mütəmadi şəkildə iştirak edir. Bu, həmin dövlətin müstəqilliyinin tanınması prosesini də gündəmə gətirir. Artıq bu istiqamətdə müəyyən yollar axtarılır, lakin hələlik kifayət qədər ciddi maneələr mövcuddur. Azərbaycan isə istənilən an Şimali Kipr Türk Dövlətinin müstəqilliyini tanıya bilər. Bunun üçün uyğun beynəlxalq situasiya lazımdır və proseslər göstərir ki, belə bir şərait yaxın gələcəkdə yarana bilər", - deyə ekspert əlavə edib.

Siyasi ekspert bildirib ki, hazırda Şimali Kiprin müstəqilliyinin tanınması qarşısında beynəlxalq müstəvidə xeyli əngəllər mövcuddur. Hətta bəzi Orta Asiya dövlətləri bu məsələdən yayınmağa çalışırlar. Azərbaycandan fərqli olaraq onların münasibəti daha ehtiyatlıdır. Lakin Azərbaycan üçün bu, ciddi problem deyil. Çünki ölkəmiz qlobal məkanda aparıcı mövqelərə malik bir dövlət kimi Şimali Kipr Türk Dövlətinin dəstəklənməsində və müstəqilliyinin tanınmasında ön sırada yer almağa hazırdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources