EN

Məşhur restoranlarda vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev Rübayıl Akif oğluna məxsus “Göygöl” restoranında 1 baş meymun və 3 baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus “Sərin” restoranında isə 7 baş çöl quşunun (2 baş qırqovul, 3 baş kəklik və 2 baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Chosen
29
10
ucnoqta.az

10Sources