EN

Paşinyanın “Araz çayı” açıqlamasının PƏRDƏARXASI: Nəyə hesablanıb?

Nikol Paşinyan ölkədə qum sənayesində ciddi problemlərin olduğunu bildirərək, Araz çayından qum çıxarılmasının Ermənistanın ərazi bütövlüyünə təhlükə yaratdığını iddia edib. Paşinyan bu prosesin nəticəsində ölkə ərazisinin kiçildiyini də vurğulayıb. Maraqlıdır, bu tip çıxışlar Ermənistanın gələcəkdə daha çox sərhəd və resurs məsələlərini gündəmə gətirə bilərmi?

Məsələni KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistanın bu tip çıxışları Azərbaycan üçün ciddi əhəmiyyət daşımır:

Azərbaycan

“Rəsmi İrəvanın absurd açıqlamalarına və iddialarına Azərbaycan əhəmiyyət vermir. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən bir dövlətdir və bütün addımlarını da bu çərçivədə atır. Ermənistan hansı mövqedə olursa-olsun, bu, Bakı üçün strateji baxımdan önəm daşımır. Əksinə, Azərbaycan qətiyyətli mövqeyi ilə Ermənistana beynəlxalq hüquq normalarının vacibliyini göstərir”.

Ekspertin sözlərinə görə, Paşinyanın bu açıqlamaları daha çox daxili auditoriyaya hesablanıb:

“Hazırda Paşinyan hakimiyyəti növbəti parlament seçkiləri ərəfəsində müəyyən manipulyasiyalar etmək məcburiyyətindədir. Ermənistan cəmiyyətində ona qarşı etirazlar var və bu etirazların arxasında Rusiyanın təsiri görünür. Moskvanın agentura şəbəkəsi parlament seçkilərindən Paşinyanı devirmək üçün istifadə etməyi planlaşdırır. Bu səbəbdən Paşinyan hakimiyyəti də manipulyativ açıqlamalarla cəmiyyətin dəstəyini qazanmağa çalışır”.

Politoloq əlavə edib ki, bu açıqlamalar regional geosiyasi mühitə ciddi təsir göstərəcək səviyyədə deyil və əsasən Ermənistan daxilində seçkiqabağı məqsədlərə xidmət edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
17
1
konkret.az

2Sources