EN

Avropanı qarışdıran qırmızı xəbərdarlıq Rusiya açıq hədəf göstərildi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Keir Starmer Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin (EST) sammitində çıxışı zamanı Rusiyanın Avropaya qarşı təcavüz təhlükəsini vurğulayıb.

Starmer Rusiya Prezidenti Vladimir Putinin yalnız Ukraynanı işğal etməyi hədəfləmədiyini, bütün Avropada hərəkətə keçməyə hazırlaşdığını bildirib.

Londonun çağırışın əsas səbəbi nədir? Genişmiqyaslı qarşıdurma baş verə bilər?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Britaniyanın baş nazirinin çıxışı Qərb ictimaiyyətində geniş rezonans doğurdu:

“Əslində, son aylarda Rusiya pilotsuz aparatlarının bir neçə Avropa ölkəsinin hava məkanını pozması, hətta bəzi strateji obyektlərin yaxınlığında müşahidə edilməsi fonunda bu xəbərdarlıq tamamilə əsassız görünmür.

Britaniya Avropanın müdafiəsinin zəifləməsini öz milli maraqlarına təhdid kimi görür. NATO-nun ən fəal üzvlərindən biri olan London üçün Rusiya ilə hərbi-siyasi balansın pozulması qəbulolunmazdır. Ona görə də Starmerin bəyanatı həm daxili auditoriyaya, həm də Avropa liderlərinə ünvanlanmış xəbərdarlıqdır: Rusiya təhdidinə qarşı passivlik Avropanın gələcəyini riskə atır”.

Elman Telmanoğlu

Politoloq bildirib ki, Qərb daxilində Moskva ilə gərginliyin alovlandırılması Vaşinqtonun strateji xəttinə uyğun gəlir:

“ABŞ üçün Avropanın enerji, təhlükəsizlik və hərbi cəhətdən Rusiyadan tam asılılığının qırılması prioritetdir. Londonun bu istiqamətdə ən yaxın müttəfiq kimi çıxış etməsi təsadüfi deyil. Starmerin “təhlükə həyəcanı” həm də Avropa dövlətlərini daha çox müdafiə xərclərinə, daha sərt mövqeyə və Britaniya ilə koordinasiyaya sövq etmək məqsədi daşıyır.

Beləliklə, Starmerin xəbərdarlığını həm real təhlükənin ifadəsi, həm də siyasi mesaj kimi oxumaq mümkündür. Rusiya hələ ki Avropaya qarşı genişmiqyaslı hərbi addım atmayıb, amma onun təzyiq alətləri – hibrid müharibə, kiberhücumlar, enerji manipulyasiyası və PUA sınaqları Avropa paytaxtlarında ciddi narahatlıq doğurur. London isə bu narahatlığı qabardaraq həm öz rolunu gücləndirir, həm də Brüsseli daha aktiv mövqe tutmağa məcbur edir”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
globalinfo.az

1Sources