EN

Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni səhifə - Avropa Siyasi Birliyi...


Azərbaycan dövləti dünya birliyinə uğurlu inteqrasiya edir, dünya ölkələri və beynəlxalq qurumlarla əməkdaşlığı günü-gündən daha da genişlənir, iqtisadi inteqrasiya və sıx siyasi əlaqələrin gücləndirilməsi yönündə böyük addımlar atır. Azərbaycanın bu istiqamətdə əldə etdiyi siyasi və diplomatik uğurlar yeni qarşılıqlı əməkdaşlıqlara yol açır.

Bildiyimiz kimi, Azərbaycan siyasi və diplomatik yöndə növbəti uğurunu Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında qazanıb.

Bildiyimiz kimi, oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir.

Ekspertlərə görə, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının Azərbaycan üçün yaddaqalan məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü oldu. Bu görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda baş tutan üçtərəfli sülh sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər. Görüş əsnasında iki ölkənin liderləri regionda nəqliyyat kommunikasiyalarının açılmasının gətirəcəyi faydalar, infrastrukturun qarşılıqlı inkişafı ilə bağlı perspektiv planları, TRIPP layihəsini müzakirə ediblər.

Bundan başqa, Azərbaycan Prezidenti ­İlham Əliyevin Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu, Aİ Şurasının Prezidenti Antonio Koşta, Avropa ­Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə görüşləri olub. “Sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir”. Bu sözləri İlham Əliyev Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşündə deyib. Dövlət başçısı həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını onların nəzərinə çatdırıb və Bakının sülh gündəliyinin irəli aparılması üçün səyləri bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Kopenhagendə İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında səmimi görüş və dialoq olub. Ukrayna lideri Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunan nəticələrə görə dövlət başçısını təbrik edib. Öz növbəsində, sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılan addımların tarixi əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev regionda möhkəm sülhün bərpası üçün ölkəmizin bundan sonra da öz səylərini davam etdirəcəyini bildirib.

“Avropa Siyasi Birliyi”nin toplantısında Azərbaycanın iştirakından danışan "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, “Avropa Siyasi Birliyi”nin toplantısı 2022-ci ildə Parisdə keçirilib, təşəbbüskar Fransa prezidenti Emmanuel Makron olub. “Məlumdur ki, 2020-ci ildən sonrakı dövrdə Fransa prezidenti Azərbaycana qarşı daim ədalətsiz mövqe tutub və bəyanatlar səsləndirib. Buna baxmayaraq, Azərbaycan “Avropa Siyasi Birliyi”nin Parisdə keçirilən birinci sammitində iştirak etdi və həmin sammitdə tarixi qərarlar qəbul olundu. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Bu həm Ermənistanda, həm də bütün dünyada şok effekti yaratdı, Ermənistanda etirazlar, Valday forumunda Putinin erməni xalqını qızışdırmağa çalışması və digər cəhdlər nəticəsiz qaldı. Açıq demək lazımdır ki, “Avropa Siyasi Birliyi”nin Parisdə keçiriən sammiti Azərbaycan-Ermənistan sülh danışıqlarında həlledici rol oynadı. Çox təəssüf ki, sonrakı dövrlərdə həm aparıcı Avropa ölkələri, həm Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel yanlış mövqe tutdular və bu həm onların vasitəçi kimi mövqeyinə, həm də danışıqların gedişinə mənfi təsir göstərdi. Son nəticədə Avropa Birliyi danışıqlardan uzaqlaşdırıldı. Azərbaycan “Avropa Siyasi Birliyi”nin bir neçə sammitində iştirak etmədi. Ancaq bütün təzyiqlərə, bütün ədalətsiz yanaşmalara baxmayaraq, son nəticədə Azərbaycanın haqlı mövqeyi qəbul olundu. Baxmayaraq ki, “Avropa Siyasi Birliyi”nin Qranada sammitində Ermənistanın təklif etdiyi üç prinsip qəbul olunmuşdu, buna həm Almaniyanın kansleri, həm Fransa prezidenti və Avropa Birliyi Şurasının prezidenti qol çəkmişdilər, son nəticədə Azərbaycanın istədiyi şərtlər sülh sazişində qaldı və bu ilin avqust ayının 8-də Vaşinqtonda sülh sazişi paraflandı”.

A.Səmədov qeyd etdi ki, “Avropa Siyasi Birliyi”nin bu prosesdə yol verilən yanlışlara baxmayaraq rolu qeyd olunmalıdır. A.Səmədovun sözlərinə görə, Azərbaycan Prezidenti bu səbəbdən “Avropa Siyasi Birliyi”nin sammitində iştiraka çox mühüm əhəmiyyət verir. “Bu sammit əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Birincisi, sülh sazişinin razılaşdırılmasından və Vaşinqtonda paraflanma mərasimindən sonra ilk sammit olması əlamətdar bir hadisədir. Azərbaycan Prezidenti bu sammitə öz mövqeyini, Azərbaycanın ədalətli mövqeyini qəbul etdirən bir lider kimi qatıldı. Baxmayaraq ki, Emmanuel Makron erməni mövqeyinin sülh sazişində yer alması üçün əlindən gələni etdi. Həm Avropa Birliyinin rəhbəri, həm Almaniyanın əvvəlki kansleri də həmçinin. Bütün bunlara, göstərilən təzyiqlərə baxmayaraq, sülh sazişində Azərbaycanın tələbləri yer aldı və bu, təbiidir ki, dövlətimizin və hakimiyyətin böyük qələbəsidir. Qalib kimi də Azərbaycan Prezidenti bu sammitdə iştirak edib. İkinci mühüm məsələ Minsk Qrupunun ləğv olunması məsələsidir ki, buna da mane olmaq üçün həm Avropa ölkələri, həm də Ermənistan əllərindən gələni etdilər. Son nəticədə Paşinyan, məcbur olub, sülh sazişi imzalandıqdan sonra Minsk Qrupunun ləğvi məsələsini qaldırmağa söz verdi. Ancaq bu sözünün də üstündə dura bilmədi və sülh sazişi imzalanmadan Vaşinqtondakı paraflanma mərasimindən sonra Azərbaycanın haqlı tələbini qəbul etdi və Minsk Qrupu artıq yoxdur. Bu da Azərbaycanın çox böyük qələbəsidir. Bütün maneələrə baxmayaraq, Zəngəzur dəhlizinin (Tramp yolu) salınması istiqamətində artıq ciddi işlər görülməyə başlayıb. ABŞ bu prosesə aktiv şəkildə qoşulub, ilk addımlar atılıb. Burda da həlledici rol Azərbaycana məxsusdur. Çünki Ermənistanın təqdim etdiyi “Sülh kəsişməsi” bütün kommunikasiyaların eyni vaxtda açılması istiqamətində fəaliyyət göstərməyi nəzərdə tuturdu, Azərbaycan isə ilk növbədə Zəngəzur dəhlizinin açılmalı olduğunu deyirdi. Son nəticədə Azərbaycanın mövqeyi dəstəkləndi və çox güman ki, yaxın dövrlərdə işlər bir az da sürətlənəcək. Bütün bu hadisələr, təbiidir ki, Azərbaycanın dünyadakı nüfuzuna da çox ciddi şəkildə təsir göstərdi. Dövlətimizin nüfuzu bir az da artdı. Bunu ilk dərk edənlərdən biri, çox güman ki, Emmaneul Makron oldu. Onun sammitdəki davranışı da bunu söyləməyə müəyyən qədər əsas verir. Azərbaycan Prezidentinin Paşinyanla görüşü, bundan sonra atılacaq addımların müzakirəsi, sülh sazişinin bundan sonrakı mərhələləri, Zəngəzur dəhlizi, bölgədə əməkdaşlıq və digər mühüm məsələlər bu görüşdə müzakirə olundu. Bu cür görüşlərə hər iki tərəfin ehtiyacı var. Bütün dünya gördü ki, Azərbaycan sülh, əməkdaşlıq, normal qonşuluq tərəfdarıdır və Azərbaycan Prezidentinin dəfələrlə Paşinyana söylədiyi “normal qonşu olmağı öyrənmək lazımdır” bəyanatı elə-belə söz deyil, bu, Azərbaycanın yeritdiyi siyasətin əsas prinsiplərindən biridir. Sammit çərçivəsində keçirilən digər görüşlər də Azərbaycanın beynəlxalq nüfuzunun, Azərbaycana verilən dəyərin, Azərbaycanın iqtisadi imkanlarının etiraf olunması kimi qiymətləndirilməlidir. Son illər çox uğurla yeridilən bu xarici siyasət xətti bundan sonra da eyni enerji, eyni qətiyyətlə, yəqin ki, davam etdiriləcək. Çünki son illər baş verən hadislər bu xarici siyasət xəttinin nə qədər doğru olduğunu bir daha sübut etdi. Lazım gələndə konstruktiv mövqe tutmaq, güzəştlərə getmək, lazım gələndə hətta böyük dövlətlərə qarşı da kəskin mövqe tutmaqdan çəkinməmək. Azərbaycanın yeritdiyi bu xarici siyasət xəttinin nə qədər düzgün olduğunu bir daha həm Avropa Birliyinə daxil olan ölkələr, həm də digər ölkələr gördülər, bunun düzgünlüyünə əmin oldular. Bu da, təbiidir ki, Azərbaycanın nüfuzuna öz müsbət təsirini göstərir və şübhə yoxdur ki, bundan sonra da göstərəcək”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
38
49
baki-xeber.com

10Sources