EN

“Makron artıq anlayıb ki, Azərbaycanla düşmənçilik Fransaya baha başa gələr”

Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Bu görüş yüksək səviyyədə və konstruktiv şəraitdə keçib. Qeyd etmək lazımdır ki, son illər Azərbaycan - Fransa münasibətləri əvvəlki illərdəki kimi isti və dinamik olmayıb. Bunun əsas səbəbi Fransanın Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqe nümayiş etdirməsi, beynəlxalq hüquq normalarına zidd     

Fransa bu mövqeyini yalnız ATƏT çərçivəsində deyil, digər beynəlxalq təşkilatlarda da göstərib. Həm hərbi, həm də maliyyə yardımı ilə Ermənistanı dəstəkləməsi isə təbii olaraq Azərbaycan - Fransa münasibətlərində gərginliyə gətirib çıxarıb. Halbuki, tarixən iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədə qurulmuş, siyasi dialoq, iqtisadi tərəfdaşlıq və mədəni münasibətlər mühüm nəticələr doğurmuşdu.

Belə bir şəraitdə İlham Əliyevlə Emmanuel Makronun görüşü diqqət mərkəzinə düşüb. Bəs iki lider arasında baş tutan dialoq Azərbaycan - Fransa əlaqələrində yeni bir dövrün başlanğıcına çevrilə biləcəkmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Fikrimcə, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqaz və Azərbaycan siyasətini korrektə etməyə başlayıb. Çünki yanlışlarını artıq anladıqlarını görürük. Azərbaycanla pis münasibətlər üzərində Cənubi Qafqazda möhkəm mövqe qurmaq mümkün deyil. Bunu Fransa Prezidenti də dərk etməyə başlayıb.

Doğrudur, Makron prezident seçiləndən sonra, ikinci Qarabağ müharibəsi və sonrakı aylarda Azərbaycan əleyhinə açıqlamalar verilib, qərarlar qəbul olunub. Azərbaycana qarşı addımlar atılıb, Parisdə Azərbaycan səfirliyinə hücum edilib, Xurşudbanu Natəvanın heykəlinə zərər yetirilib. Bundan sonra münasibətlər son dərəcə gərginləşmişdi.

Amma son aylarda sanki Makron siyasətini həqiqətən korrektə etməyə başlayıb. Bir neçə konfransda İlham Əliyevlə yaxınlaşıb və bu dəfəki görüş də yəqin ki, Makronun istəyi ilə baş tutub. Əgər Makron siyasətini korrekt edirsə, münasibətlərin normallaşması imkanları qalır. Münasibətlər əvvəlki duruma qayıda bilər, amma bunun üçün yalnız Makron kifayət etmir, Fransadakı digər siyasi qruplar da anti-Azərbaycan siyasətindən çəkinməlidir.

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyir. Paşinyan Azərbaycanla dialoq aparır. Fransa Azərbaycanla düşmən mövqedə olmasa, bu, əslində Fransanın maraqlarına da uyğundur. Papadan çox papa olmaq olmaz, erməni baş naziri Azərbaycanla dostluq qurursa, Fransa prezidenti ilə düşmənçilik yalnız Fransanın milli maraqlarına və təhlükəsizliyinə zidd olacaq".

Politoloqun fikrincə, Kopenhagendə Makron ilə İlham Əliyev arasında dialoqun genişlənməsi davam edəcək:

"Azərbaycan da Fransayla düşmənçilik istəmir. Biz də anlayırıq ki, Fransa Avropa İttifaqının lider dövlətlərindən biridir, belə bir dövlətlə münasibətləri qorumaq vacibdir. İlk addımlar artıq Fransa tərəfindən atılıb, amma davamı da gəlməlidir.

Başqa bir məsələ də var: Fransa Azərbaycanın strateji dəstəyinə də  ehtiyac duyacaq. Fransa Afrikadakı bəzi mövqelərini itirib və Avropadakı atom elektrik stansiyalarını işlətmək üçün uran ehtiyacını Qazaxıstandan təmin etməyə çalışır. Uranın Fransaya çatdırılması üçün yeganə nəqliyyat yolu Azərbaycandan keçir.  Rusiya üzərindən daşımalar Ukrayna müharibəsi səbəbindən mümkün deyil. Buna görə də Makron Azərbaycanla münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Məncə, Makron bu amili rəhbər tutaraq artıq Azərbaycanla münasibətləri gərginlikdən çıxarmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
1
olaylar.az

2Sources