EN

AB Azərbaycana yatırımları “qlobal keçid strategiyası” vasitəsilə edəcək... Bu nədir?..


Xalid Kərimli: “Strategiyada enerji layihələrinin gücləndirilməsi və genişləndirilməsi nəzərdə tutula bilər”

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə konstruktiv müzakirələr apardıqlarını bildiriblər.

Onlar bu barədə ayrı-ayrılıqda "X" hesablarında paylaşım ediblər.

“Vaşinqtonda Donald Trampın dəstəyi ilə Ermənistanla əldə olunan tarixi irəliləyiş münasibətilə Azərbaycanı təbrik etdik. Bu, regionda davamlı sülhə doğru böyük bir addımdır. Biz Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndiririk və əlaqələrimizi gücləndirməyə sadiqik. Nəqliyyat, enerji və rəqəmsal sahələrdə regional əlaqəliliyə yatırımlarımızı qlobal keçid strategiyası vasitəsilə davam etdirəcəyik”.

Burada diqqət çəkən məqam sonuncu cümlədir. “Yatırımlarımızı qlobal keçid strategiyası vasitəsilə davam etdirəcəyik” nə deməkdir? Burada söhbət hansı investisiyalardan, layihələrdən gedə bilər?

“Gözlənilir ki, Zəngəzur dəhlizi ilə yanaşı, Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə investisiya qoyulsun”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropanın keçid strategiyası 2020-ci ildə qəbul edilib: “Bu, həm də Çinin “Bir kəmər, bir yol” strategiyası ilə mübarizə çərçivəsində qəbul edilib. Avropa İttifaqının Azərbaycanla bağlı strategiyasında məqsəd nədir? Burada həm enerji dayanıqlığı, həm alternativ enerjinin inkişafı, enerji təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal texnologiyalara investisiya, “yaşıl enerji”, həm də dayanıqlı iqlim təşəbbüsləri kimi məsələlər var. Azərbaycanla əsasən enerji sahəsində əməkdaşlıq prioritetdir. Avropa Cənub Qaz Dəhlizinin əsas partnyorudur. Bu dəhlizin istiqaməti, alıcıları Avropadır. Fikrimcə, strategiyada enerji layihələrinin gücləndirilməsi və genişləndirilməsi nəzərdə tutula bilər. 2022-ci ilin ortalarında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı hətta bununla bağlı memorandum da imzalandı. Aİ istəyir ki, CQD-nin ötürmə gücü artsın, amma kəmərin genişləndirilməsində fəal iştirak etmək istəmirlər. Bax problem bundadır. Məsələ ondadır ki, CQD-nin genişləndirilməsi üçün maliyyə yatırımı lazımdır. Bunun üçün də həm qaz alışı müqavilələri lazımdır, həm də kredit qoyuluşu təmin edilməlidir. Bərpa olunan enerjini əsas gətirib, neft-qaz sektoruna kredit ayırmırlar. Zəmanət olmalıdır ki, hasil olunan qazı Aİ alacaq. Bu olmasa, o zaman qazın alıcısı olmayacaq. İkincisi, Aİ ölkələri hələ də Azərbaycanla uzunmüddətli qaz müqavilələri bağlamayıblar. Yəni böyük həcmli qaz Avropaya gəlsə bunu hansı dövlət və nə qədər alacaq. Fikrimcə, bütün bu məsələlər həll edilməlidir. Başqa bir tərəfdən, bərpa olunan enerji ilə bağlı müzakirələr gedir. Azərbaycan da həvəslidir ki, bərpa olunan enerjinin Avropaya ixracı həyata keçirilsin. Bu istiqamətdə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq gözlənilir. Nəzərə almaq lazımdır ki, Aİ-nin iştirakı ilə Qara dənizin dibi ilə kabel xətlərinin çəkilməsi ilə bağlı memorandium imzalanıb. Bu, həm fiberoptik, həm də elektrik kabel xətləri olmalıdır. Ancaq bu məsələlərdə də praktiki irəliləyiş yoxdur. Ola bilsin, qlobal keçid strategiyası bu sahəyə təkan versin. Gözlənilir ki, Zəngəzur dəhlizi ilə yanaşı, Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə investisiya qoyulsun. Aİ-nin strategiyasında Mərkəzi Asiya resurslarının Qafqaz üzərindən ötürülməsi nəzərdə tutulub. Bütün bunlar ümumi əməkdaşlıq tələb edir. Bunun üçün böyük sərmayələr, müasir texnologiyalar olmalıdır. Başqa layihələr də nəzərdə tutula bilər. Xüsusən Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra Aİ bu layihələrə daha böyük dəstək göstərə bilər”.

Vidadi ORDAHALLI

Chosen
70
baki-xeber.com

1Sources