EN

Alternativ Nobel Mükafatı laureatlarının adları açıqlandı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Stokholmda 2025-ci il “Right Livelihood Award” mükafatının laureatlarının adları açıqlanıb.

“Qafqazinfo” “Right Livelihood” fonduna istinadən xəbər verir ki, alternativ Nobel mükafatı kimi tanınan bu nüfuzlu mükafat bu il Sakit okean ölkəsi Vanuatudan olan “Sakit okean adaları tələbələri iqlim dəyişikliyi ilə mübarizə aparan” (PISFCC) tələbə təşkilatı və hüquq müdafiəçisi Culian Aquon arasında bölüşdürülüb.

Mükafat fəalların iqlim ədaləti məsələsini Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) çatdırmaq və dövlətləri hüquqi yollarla iqlim tədbirləri görməyə məcbur etmə səylərinə görə təqdim edilib.

2025-ci ilin laureatları sırasında, həmçinin, Myanma üçün Ədalət fəalları qrupu, Tayvanın Rəqəmsallaşma Agentliyinin sabiq rəhbəri Odri Tan və Sudanda fəaliyyət göstərən “Emergency Response Rooms” təşəbbüsü də yer alır.

AFP-nin məlumatına görə, PISFCC Vanuatuda iqlim dəyişikliyi məsələsini Haaqa Məhkəməsinə çatdırmaq üçün kampaniyanın əsasını qoyub. “Bu, Kiribati, Tuvalu və Marşal Adaları kimi ölkələrin gəncləri üçün ekzistensial problemdir. Hər daşqın baş verdikdə, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayırlar”, – deyə təşkilatın direktoru Vişal Prasad bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin rəyi hazırlanarkən əsas rolu ABŞ-ın hüquqi olmayan ərazisi – Sakit okeandakı Quam adasından olan hüquqşünas Culian Aquon oynayıb. O, həyatını yerli xalqların hüquqlarının müdafiəsinə, onların öz müqəddəratını təyin etməsinə və iqlim ədaləti uğrunda mübarizəyə həsr edib.

Sabiq nazir Odri Tan hazırda Tayvanın “kiber səfiri” kimi fəaliyyət göstərir. O, demokratiyanı gücləndirmək, vətəndaş cəmiyyətini cəlb etmək və sosial ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə rəqəmsal texnologiyadan uzaqgörən istifadəsinə görə bu mükafata layiq görülüb.

“Right Livelihood” fondunun məlumatına əsasən, “Emergency Response Rooms” təşəbbüsü Sudanda müharibə və qeyri-sabitlik şəraitində milyonlarla insanı əhatə edən təcili humanitar yardım sistemini təşkil edir.

Mükafatlar bu il dekabrın 2-də təqdim olunacaq.

Qeyd edək ki, “Right Livelihood Award” 1980-ci ildə təsis edilib. Mükafatla birlikdə təqdim olunan maliyyə dəstəyi laureatların fəaliyyətini birbaşa dəstəkləyir. Bu mükafat müxtəlif praktik və innovativ həll yolları vasitəsilə daha ədalətli və davamlı bir dünya qurulmasına töhfə verən şəxslərə və təşkilatlara verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
qafqazinfo.az

2Sources