EN

Alma sirkəsi arıqladırmı? - Mütəxəssislərdən açıqlama

Alma sirkəsinin arıqlamağa kömək etdiyi iddia edilən elmi tədqiqat səhvlərə görə geri çəkilib. Mütəxəssislər bu kimi iddialara ehtiyatla yanaşmağı tövsiyə edir.

E-saglam.az xəbər verir ki, ötən il BMJ Nutrition, Prevention & Health jurnalında yayımlanan kiçik miqyaslı bir klinik araşdırma, alma sirkəsinin çəki itkisində rol oynaya biləcəyini irəli sürmüşdü. Sosial mediada geniş yayılan bu nəticələr alma sirkəsinin sağlamlığa təsiri ilə bağlı mübahisələri artırdı.

Lakin araşdırma daha sonra mütəxəssislər tərəfindən yenidən qiymətləndirildi və ciddi statistik səhvlər aşkarlandı. Nəticələr təkrarlana bilmədiyi üçün jurnal həmin məqaləni rəsmi şəkildə geri çəkdi.

Tədqiqatçılardan açıqlama: “Səhvlər dürüstcə edilmişdi”

Araşdırmanı aparan Livanlı alimlər səhvlərin “qəsdən deyil, dürüstcə” baş verdiyini bildirsələr də, etirazları qəbul edilmədi və işin ləğvi təsdiqləndi.

Mütəxəssislərdən xəbərdarlıq: “Həddindən artıq iddialara inanmayın”.

Avstraliyalı dietoloq Rozmari Stanton tədqiqatın geri çəkilməsini müsbət addım kimi qiymətləndirib:

“Reallığa uyğun görünməyən iddialara şübhə ilə yanaşmaq lazımdır. Belə araşdırmalar diqqətlə təhlil olunmalıdır".

Stanton həmçinin alma sirkəsinin kalium, kalsium və ya maqnezium mənbəyi olduğu fikrinin də elmi əsasının olmadığını bildirib.

Sağlamlığa potensial zərərləri də var:

Mütəxəssis, alma sirkəsinin diş minasına zərər verə biləcəyini qeyd edib və istifadə edənlərə istifadədən sonra ağızlarını su ilə yaxalamağı tövsiyə edib. Bu xəbərdarlıq alma sirkəsinin düşünülmədən və həddindən artıq istifadəsinin risklərinə diqqət çəkir.

Sosial mediada yanlış yönləndirmə

Alma sirkəsi ilə bağlı iddialar yalnız elmi tədqiqatlarla məhdudlaşmır. Netflix-in bu il yayımladığı “Apple Cider Vinegar” sənədli filmi də müzakirələri yenidən alovlandırıb. Sosial mediada isə elmi əsası olmayan paylaşımlar alma sirkəsini “möcüzəvi məhsul” kimi təqdim etməyə davam edir

Mütəxəssislər xəbərdarlıq edir: arıqlama və ya sağlamlıqla bağlı iddialara inanmazdan əvvəl etibarlı elmi sübutlara əsaslanmaq vacibdir. Sosial media paylaşıqları tez-tez yanlış təsəvvür yaradır və sağlamlıq üçün riskli ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources