Gürcüstanda bələdiyyə seçkilərinin keçirilməsinə start verilib.
"Unikal" xəbər verir ki, məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kaladarişvili açıqlayıb. Bildirilib ki, səhər saat 08:00-da ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb. Seçicilər 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini müəyyən edəcəklər.
Ümumilikdə ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi formada təşkil olunub.
Seçici siyahısına 3 milyon 513 min 818 vətəndaş daxil edilib.
Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, həmçinin 73 media orqanından minə yaxın jurnalist izləyir.
Səsvermə saat 20:00-da başa çatacaq.