EN

Azərbaycan – İtaliya münasibətləri möhkəm əsaslar üzərində qurulub

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorludur. Müstəqilliyimizin bərpasından keçən 30 ildən çox müddət ərzində respublikamız həm Avropa İttifaqının üzvləri olan ölkələrlə, həm də geniş İslam dünyasını təmsil edən dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətləri uzunömürlü edən əsas səbəblər Azərbaycanın xarici siyasətində izlənən məntiqi ardıcıllıq, münasibətlərin ədalət prinsipinə əsaslanması və hər zaman qarşılıqlı maraqların nəzərə alınmasıdır. dan çıxış etməsidir. Dövlət beynəlxalq münasibətlərində yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da qlobal arenada Azərbaycanın nüfuzunu davamlı olaraq yüksəldir.

Dünyanın 7-ci böyük iqtisadiyyatına sahib olan İtaliyanın Azərbaycanla əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi də Azərbaycanın artan nüfuzunun əyani göstəricisi sayıla bilər. İtaliya Azərbaycanın Avropadakı ən böyük siyasi-iqtisadi və ticari tərəfdaşıdır.

İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri bu münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün mühüm hadisədir. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar bir daha göstərir ki, Roma və Bakı arasında əməkdaşlıq ikitərəfli müstəvidə və Avropa miqyasında strateji xarakter daşıyır. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşləri haqda geniş məqalələr yazılıb və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı, çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.

Azərbaycanla İtaliya arasında uzun illərdən bəri davam edən yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında çoxvektorlu münasibətlərin təməlində dayanan əsas amildir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb və qarşılıqlı münasibətlər də bu bəyanatda əksini tapan müddəalar əsasında inkişaf etdirilir. hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müntəzəm səfərləri əlaqələrin dinamikasına öz müsbət təsirini göstərir. 1997-ci ilin sentyabrında Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Həmin səfər zamanı iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Həmin dövrdən başlayaraq qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etmiş və sonrakı illərdə də bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. 2018-ci ilin iyulunda İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk dövlət səfəri əlaqələrimizin inkişafında xüsusi yer tutur. 2020-ci ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalanıb. Dövlət başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezident İlahm Əliyevin iştirakı ilə Romada Azərbaycan Respublikası səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi həyata keçirilib. Eyni zamanda, dövlətimizin başçısı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib.

İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi səfərlər həyata keçirirlər. Bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi, həmçinin İtaliya-Azərbaycan Universitetinin faktiki olaraq fəaliyyətə başlaması, bu universitet üçün yeni müasir bina və təhsil kompleksinin inşa olunması tərəflərin qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiklərini təsdiqləyir.

Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycandan xam neft və neft məhsullarının ixracında İtaliya ölkəmizin ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin bütün dünyada tanınan şirkətləri Azərbaycanın moderatorluğu ilə həyata keçirilən enerji layihələrinin fəal iştirakçılarıdırlar. İtaliyanın “ENİ” qrupu 1995-ci ildən etibarən Azərbaycanın enerji sektoruna sərmayə yatırıb. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. Saipem, ValvItalia, Renco, Bonatti, Enereco, Max Streicher, Honeywell SRL və s. şirkətləri isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik olan təchizat və xidmət layihələrini icra edib.

Eyni zamanda, SOCAR ilə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrə uyğun olaraq İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsinə cəlb olunublar. Layihələrin bir çoxu tamamlanıb, digər layihələr üzrə əməkdaşlıq davam etdirilir. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün xüsusi önəm daşıyır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycanla ticarət təşkil edir. Hazırda Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. 2023-cü il fevralın 13-də Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində də İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”.

2024-cü ilin mayında İtaliya Senatında təşkil olunan “Azərbaycan – İtaliya: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından da əhəmiyyətli oldu.

Humanitar sahə Azərbaycan – İtaliya münasibətlərinin mühüm bir istiqamətini təşkil edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması və gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri Vatikanda çox yüksək qiymətləndirilir.

2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir. Azərbaycan Dillər Universitetində italyan dili üzrə tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.

Prezident İlham Əliyevin və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə oktyabrın 1-də Bakıda Universitetin ilk tədris korpuslarının açılışı olub. Açılış mərasimində dövlət başçıları bildirib ki, bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək. İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər yalnız bilik deyil, həm də iki ölkə arasında mədəniyyətlərarası körpünün daşıyıcısına çevriləcəklər.

Ölkələrimiz arasındakı tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinə, Cənubi Qafqazda sabitliyə və beynəlxalq iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfələr verir. Vaxtilə enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya sahələrində də güclənərək daha dayanıqlı xarakter alır. Azərbaycan-İtaliya əlaqələrinin inkişafında və möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var. İtaliya Prezidentinin ölkəmizə səfəri, dövlət başçılarının görüşlərində qarşıya qoyulan, icrası nəzərdə tutulan məsələlər iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Beləliklə, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı 

Chosen
24
3
moderator.az

4Sources