Ömrün uzun illərinin bütün günləri yazı-pozu işində olan, daha çox da gecələr yuxusuz qalıb yazan, kitab oxuyan biri kimi, deyim ki, həmişə düşündüyüm bir məqam olub: kitab oxuyanlar çox istəyirlər ki, hamı kitab oxusun, cəhalətdən uzaq olsun, sivil-mədəni-bəşəri əxlaq daşıyıcıları olsun!
Çünki bəşəriyyətin bütün zamanlarda problemi... əxlaq sarıdan olub! Məhz əxlaq yoxsunluğu faciələrə rəvac verib: baxmayaraq ki, qlobal faciələrin başında duranların tam əksəriyyəti də kifayət qədər oxumuş, intellektual adamlar olub! Xilas hansısa sayda seçilmişlərin yox, bütünlükdə HAMININ oxumaqlığıdır. Öz haqqından savayı, İNSANLIĞIN da haqqının dərki kitablardan keçir! Yaxşı kitablardan, əxlaqlı kitablardan, ilk növbədə isə... kübar kitablardan! İçi elmi anladan, başa salan kitablardan!
Mən elə az kitab gördüm – mən Hitlerin də, Mussolininin də, Leninin və Stalinin, Maonun, Qəddafinin, ispanların, italyanların, rusların, almanların, fransızların da oxuduğu kitabları oxudum, amma onlar mənim oxuduqlarımı oxumadılar!
Çinlilərin, yaponların, ərəblərin oxuduqlarını oxuya bilmədim!
Və... bu düşüncələr sonda kitab oxumağa tənbəllik edən külli-ərzin öləri vətəndaşları üçün bu qənaətə gətirdi: çalışıb dünyanı anladan, həyatda yaşamağa yardımçı olan BİR KİTAB əldə etmək və ya yazmaq lazımdır!
Elə bir kitabı Azad Mirzəcanzadədə görmüşəm: “Этюды о гуманитаризации образования”
Sonra... daha rast gəlmədi! Faydalı kitablar çox oldu, çoxdur. Hər birini oxumağı da tövsiyə edəndə unudulmaz müəllimim Şirməmməd Hüseynovun mühazirə vaxtı dediyi fikirlə əsaslandırırdım: “Sibirdəki qızıl yataqlarının bir hektarından bir qram qızıl əldə ediləndə, rentabelli sayılır!”
Hər bir kitabda... nə qədər olmasa da, bir qram qızıllıq nəsə var, qənaətindəyəm, ancaq mənim istəyim... cəmi oxuyanların HƏR BİRİNƏ BİR QRAM QIZIL çatası kitabdır!
O kitab Azad Mirzəcanzadənin adını yazdığım kitabıdır.
Acgözlüklə oxuduğum istənilən kitab haqqında yaxşı nəsə yazmağa çalışmışam, fəqət kübar-aristokrat kitab oxumaq istəyim heç vaxt səngiməyib. Uzun müddətdən sonra... sorağını aldım!
İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabı, ilk növbədə, kübar kitabdır!
SÖZARASI deyim ki, vaxtilə İbrahim Nəbioğlu ilə bir kanalda işləmiş rəhmətlik Zakir Sadatlı deyirdi ki, yaponlar ölkələri alimlərinə görə tanıyır! Zakir Sadatlının deyiminə, əlavə olaraq,
HAŞİYƏ:
Bəşəriyyətin təkamül prosesinə nəzər salsaq, görərik ki, lap qədimdə xalqları filosofları ilə tanıyırdılar, sonra şahları ilə. Daha sonra isə alimləri ilə. Hər üç mərhələ olimpdə olanda təqdirəlayiqdir.
Azərbaycan filosofları, şahları və alimləri ilə tanınan ölkədir – İbrahim Nəbioğlu bu kompozisiyanı “Gələcək çox tez gələcək” kitabında o qədər məxməri şəkildə “yedizdirib” ki, ən “tupoy” oxucu üçün elmin, fəlsəfənin, tarixin və zəfərin belə anlaşıqlı təqdimatını bir kimsə etməyib!
YERİ GƏLMİŞKƏN: Kitabın ilk səhifələrində, daha doğrusu, forzasda Azad Mirzəcanzadənin məşhur deyimini (yazılarımda dəfələrlə istinadla istifadə etdiyim fikri: “deyə bildimmi?”) verməklə, həm də özünü ağır yükdən xilas edib! Bir oxucu kimi əmin edirəm: İbrahim Nəbioğlu, deyə bilibsiniz, özü də çox kübar şəkildə, ruhumuzu incitmədən!
ÜSTƏLİK DƏ kitabı alan, oxuyan, fikir bildirən hər kəs deyir ki, İbrahim Nəbioğlu əminliklə bəyan edir ki, gələcək çox tez gələcək, özü də elmlə! Çünki elm indi elə kosmik sürətlə inkişaf edir ki!!!
Bəs bu ənginliyi Azərbaycan oxucusuna İbrahim Nəbioğlu necə rahat çatdıra bilib, necə olub ki, oxuyan hər kəs bəyənib bu kitabı?
DEYİRƏM: var elmi (fizika, kimya, cəbr-həndəsə), var akademik, var rəsmi protokol, var diplomatik, var ədəbi dil!
Fizika-kimya-cəbr-həndəsə dərs və ya metodik vəsaiti olmayan, rəsmi protokol qaydalarından bəhs etməyən, amma həm də həm fizika-kimya-cəbr-həndəsə, həm də rəsmi protokol qaydaları məcəlləsindən qat-qat ağır olan problemləri, nailiyyətləri, uğurları, anlaşılmazlıqları əhatələyən bu kitab “hansı dildə” yazılıb?
Kitabı oxudan onun yazıldığı dilin üslub seçkinliyidir, cazibədarlığıdır! Ən müxtəlif həyat və elm sahələrini “qucaqlayan” bu kitabda İbrahim Nəbioğlu bütün dilləri sintezləşdirib: ən həzin musiqi parçası, ən gur oratoriya, ən möhtəşəm simfoniya kimi hamısı bir yerdədir.
Mən bu məharəti bugünlərdə ad günü olan Vaqif Bayatlı da görmüşəm... peşəsinin dilində danışmağı bacaran təklərdəndir!
İbrahim Nəbioğlu həm texnika elmləri namizədi, həm fövqəladə və səlahiyyətli səfir, həm də publisist kimi PEŞƏSİNİN TƏQDİMAT – ANLATMA, ÇATDIRMA - dilində DEYƏ BİLİB!
Yəni, danışıq dili ünsiyyət üçündür, qalan dil qatları elm üçün. İbrahim Nəbioğlu fəlsəfənin, elmin, publisistikanın LORU DİLİndə deməyin çəmini tapıb!
Ortaya möhtəşəm və eyni zamanda OXUNMAĞA BƏS EDƏN O BİR KİTAB çıxıb! “Gələcək çox tez gələcək” kitabını oxuyanlar sual verib sarkazm yapa bilər ki, bəs İbrahim Nəbioğlu özü təqdim edir dünyanı dəyişən 25 kitabı! Yəni, oxunmalı 25 kitab daha var!
Əzizim... oxucu, əzizim opponent, bütün kitablar elm öyrətmək, mədəniyyət yaratmaq üçündür. Gələcəyi yaratmağa xidmət edir - lap elə Eynşteyn kimi, atom bombasını yaratmaq da! Amma Eynşteynin kəşfindən – yaratdığından atom elektrik stansiyası qurmaq üçün istifadə olunursa, bu, yaxşıdır, yox, bomba düzəldəndə, dünya fəlakətə uğrayır!
İbrahim Nəbioğlunun kitabı GƏLƏCƏKDƏ YAŞAMAQ öyrədir – Azərbaycana gələcəkdə NECƏ YAŞAMAQ düsturu lazımdır!
İndi hamı əndişələnir! Ki... süni intellekt ortaya çıxıb!
Bu məqamda mən akademik Rafael Hüseynovun çıxışındakı incə məqama istinad edirəm: “bəli, Sİ bizim əxlaqımıza, mədəniyyətimizə ziyan vura bilər, amma doğru yanaşsaq, faydalana bilsək, irəli gedə bilərik!”
Bəs Sİ hansı yöndən yanaşaq, onunla rəftarı hardan və necə öyrənək?
Bu sualın cavabı İbrahim Nəbioğlunun kitabında var!
Öz az ağlımnan deyirəm: Süni İntellektin yaradılması elektrikin kəşfi kimidir. Elektrik kəşf olunanda adamlar istifadə və davranış qaydalarında səhlənkarlığa, səhvə yol verir və cərəyan onları öldürürdü! Neylədilər? “Minus”a “plyus” qoşdular, “elektrik yuvası” – “rozetka” düzəltdilər, “elektrik çəngəli” – “vilka”dan istifadə etdilər, İŞIQ yiyəsi oldular! Və... daha çox!
Eləcə də, Süni İntellekt! İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabı Süni İntellektə qoşulmaq üçün “plyus”dur, “elektrik yuvası” və “elektrik çəngəli” əldə edib ŞƏBƏKƏ yaratmağa çox gözəl metodik vəsaitdir! Eyni zamanda... GƏLƏCƏKDƏ YAŞAMAQ imkanıdır!
Azərbaycan Oxucusu tənbəl oxucudur!
Demirəm İbrahim Nəbioğlu bu amili nəzərə alıb (zatən də onun oxucuları üst təbəqə üçündür, amma bir orası da var ki, o üst təbəqənin də vaxtı məhduddur və uzun-uzadı yazıları oxumağa məhdudluq, məhrumluq sindromu var), sadəcə, o qədər Usta və Professional yazardır ki, Fikri lakonik-net-yığcam ifadə edə bilir: elm dəqiqliyi sevir (texnika elmləri namizədliyi burada özünü bariz şəkildə göstərir), diplomatiya zərifliyi və etiketi gözləyir (hadisələrin diplomatiyanı qabaqlamasına imkan vermək olmaz!), publisistika mahiyyəti (problemi və onun həlli yollarını) çatdırır! Dedim ki, biləsiniz: yazılar yığcamdır!
Əslində, İbrahim Nəbioğlunun kitabı GƏLƏCƏYİN KİTABI olduğu üçün deyəcəyim fikir optimal sayılmaya bilər, ancaq nəzərə alaq ki, Azərbaycan həm də elə ölkədir ki, burada elə adamlar var ki, onlara nəinki maşın sürməyə (oxu: oxumağa kitab verməyə) icazə vermək olmaz, onun hətta piyadası palçıqlı yolla yeridilməlidir. Azərbaycan xalqının ayrı-ayrı sahələr (siyasət, ədəbiyyat, idman, elm) üzrə elə kontingentləri var ki, lüks dəyərlər onlar üçün deyil: düşüncəsində, əqidəsində, əxlaqında bəzən “samotormojeniya” gedir: “Gələcək çox tez gələcək” mason lojasında, “illüminati” tipli ordenlərdə, “politbüro” misallı ortamda oxunmalı kitabdır! Elitar, yəni...
Kitab haqqında danışan hörmətli alimimiz Şahlar Əsgərovun fikrinə istinad edirəm: hər ziyalı, hər alim, hər yazıçı DƏYƏR yarada bilmir! Dünyada DƏYƏR yaradan insanlar azdır!
ƏLAVƏ EDİRƏM: o cümlədən Azərbaycanda!
İbrahim Nəbioğlunun bu kitabı Azərbaycan üçün ən azından... DƏYƏRlər toplusudur! Bu prizmadan yanaşanda, elə İbrahim Nəbioğlunun Özü və Kitabı DƏYƏRdir!
Mən həm “Libraf-Akademiya”da, həm də məbəd məkanlarımızdan Milli Ədəbiyyat Muzeyində keçirilən tədbirlərdə iştirak etdim!
ETİRAF edirəm: kitab müzakirələri, təqdimatları mənə o qədər də önəmli olmur – dəyərli imzaların şöləninə qoşuluram, fəqət KİTAB dünyasının həzzini aldığım az olur! Çünki mən Moskvada “VDNX”-dakı, gecə-gündüz açıq olan Nikitinskiy bulvardakı kitab mağazasında kitabların seyrini vuranda, kitab seçəndə, məndən hansısa kitabı alıb gətirməyimi istəyən həqiqi kitab sevdalıları görmüşəm: onlar hətta Bakıda, Lənkəranda olsalar da, Moskvada mahiyyətinə, məzmununa, dəyərinə-sanbalına görə hansı kitabın hansı kitabdan sonra sıralandığını belə fəhmlə deyiblər – yəni, Moskvada və məhz həmin sərgilərdə, mağazalarda olmasalar da heç vaxt, biliblər ki, KİTAB DÜNYASININ öz ardıcıllığı, ədəb-ərkanı, hansı kitabın hansı kitabın yanında olmağı, hansının alt rəfdə, hansının üst sırada olmağı belə Kitab Diplomatiyasının-Kitab Protokolunun, Kitab Akademizminin sarsılmaz-dəyişməz prinsipləridir!
SÖZARASI deyim ki, İbrahim Nəbioğlunun bu ruhda-bu mövzuda öz evlərindəki kitab rəfindən ayrıca yazısı da var!
... Mənim 1992-ci ildə cəmi 24 yaşım vardı! O qədər də az kitab oxumamışdım – hər halda jurnalistika fakültəsində Əli Fəhminin, Əli Sultanlının adı gələndə gözləri dolan Məmmədbağır Həyatzadə bizə “Antik yunan ədəbiyyatı”ndan, Xalid Əlimirzəyev Bualodan, Şamil Qurbanov Rus ədəbiyyatından mühazirələr oxumuşdular. Amma mənim oxuduğum o əsərlər bilgili olmağımdan artığına yetmədi, o kitablar, sadəcə, mənim kirayə evlərin bu birindən o birinə daşıdığım “kitabxana sərvəti”m olaraq qaldılar, fəqət imam Hüseynin bircə kəlməsi həyat kredoma çevrildi: “Mən Yezidə qarşı dikbaşlığımdan yox, bir haqsızın qabağına bir haqlının çıxa biləcəyini nümayiş etdirmək üçün vuruşdum!”
İbrahim Nəbioğlunun kitabının hər yazısı, hər cümləsi, hər fikri bu gün yaşı 24-ün üstündə və altında olan hər bir gənc üçün məhz imam Hüseynin həmin kəlamı qədər müdrik və kredo önəmindədir! Bunun üçün oxuyan gərək Aydın Can olsun!
Söhbət budur!
Və... İbrahim Nəbioğlunun bu kitabı... uzun, upuzun illər sırası artmayan rəfdə - Azad Mirzəcanzadənin yanı boş qalan kitabının sağ tərəfidir! (Maraqlananlar üçün deyim ki, kompozisiyanı Vahid Rzayevin “Yaranış” və bu kitabla bağlı törəmə kitabları, Andre Moruanın “Literaturnıe portretı” tamamlayır)
YAZIYA SÖZARDI: Akademik Rafael Hüseynov kitabı təqdim edərkən söylədi ki: Gələcək təkcə elmlə gəlməyəcək, hər cür gələcək!”
Cəsarət edib əlavə edim: necə gəlir-gəlsin, bizə vız gəlməməlidir, çünki İbrahim Nəbioğlu o gələcəkdə necə yaşamağın yollarını bəsbəlli edib! Kim Aydın Can kimi oxumayacaqsa, anlamayacaqsa, çatmaycaqsa ona, bu İbrahim Nəbioğlunun suçu sayılmaz! Kifayət qədər deyə bilib yox e, deyib!
Kitabda çoxları üçün mübahisəli məsələlər, fikirlər, polemik çabalar üçün pedantlıq nüanslar tapıla bilər!
Cavabı qısa və sadədir: Dostoyevski “Cinayət və Cəza”nı yazırdı, 200 rubl qonorar alırdı, deyirdi ki, Rusiyada yaşamaq olmur!
Turgenev “Mumu”nu yazırdı, 400 rubl qonorar alırdı və... Fransada qəsrdə 18 qadınla orgiya təşkil edirdi!
Necə və Nə Cür yaşamağın fərqini bilməyənlər kimi, NECƏ VƏ NƏ CÜR oxumağın da fərqini bilməyənlər var!
Yaxşı jurnalist-publisist Necə və Nə Cür yazmağıyla fəxr edə bilər, ancaq Nə Üçün yazdığını unudanda, sadəcə, POPULİST populyarlardan biri olacaq!
İbrahim Nəbioğlunun NECƏ VƏ NƏ CÜR yazmağına söz ola bilməz – bu, öz yerində!
Ustad NƏ ÜÇÜN yazdığının fərqindədir və bizə də anladıb!
Bilənlərə salam olsun, Yunus Əmrə demiş!
p.s. Tanrı İbrahim peyğəmbərlə başlamışdı bəndələrinə yaşamaq, qazanmaq imkanı, doğru yola gətirməyi, oddan xilas verməyi. Mən belə başa düşürəm ki... sonda da NƏBİ (NƏBİ sözünün izahını verməyə ehtiyac duymadım!) oğlu İbrahim Abimlə nələrisə çatdırır!
Əslində, gələcəyi, xilası deyənlər sayılır peyğəmbərlər!
SON olaraq deyim ki, nə qədər zəfərlər qazansaq da, nə qədər varlı-pullu olsaq da, nə qədər qürrələnsək də nələrimizləsə, unutmayaq: İbrahim Nəbioğlunun dediyi elmə qail olmasaq, bizdən heç nə qalmayacaq!
Bütün qələbələrimiz Pirr qələbəsi olacaq!
Bunu Nizami Gəncəvi də deyib!
Bunu kitaba ÖN SÖZ-də Nizamini xatırladaraq akademik Rafael Hüseynov da xatırladıb!
Bunu İbrahim Nəbioğlu da Müəllimi Azad Mirzəcanzadənin və Müəllim Atası Nəbi kişinin mühazirələrinə, məsləhətlərinə və vəsiyyətlərinə əməl edərək, 402 səhifəlik kitabda deyib!
Mən də dedim, nəzərinizə çatdırdım!
Can sizin, Can Azərbaycan sizin, oxuyun İbrahim Nəbioğlunu, yaşayın da... elmlə gələn GƏLƏCƏKDƏ!
Aydın Can, publisist