Tbilisinin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib.
Moderator.az xəbəri verir ki, Rustaveli prospektində parlamentin binası yaxınlığına və ətraf ərazilərə polis qüvvələri cəlb olunub.
Bu gün saat 4-də parlamentin binası önündə müxalif qüvvələrin etiraz mitinqi keçiriləcək. Aksiyanın təşkilatçıları bu gün keçirilən yerli seçkiləri boykot etmiş müxalifət partiyalarıdır.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, mitinqlə əlaqədar olaraq polis qüvvələri ictimai təhlükəsizlik və asayişin qorunması məqsədilə Tbilisinin müxtəlif yerlərinə səfərbər olunublar.
DİN mitinqin təşkilatçılarını və iştirakçılarını Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş çərçivədə aksiya keçirməyə, polis əməkdaşlarının qanuni tələbinə tabe olmağa və xidməti vəzifələrinin yerinə yetirilməsinə mane olmamağa çağırıb.
Hər bir qanun pozuntusu faktına polis tərəfindən müvafiq hüquqi cavabın veriləcəyi vurğulanıb.