Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5–3 dəfə artım əmsalları tətbiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2025-ci il avqustun 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2025-ci il