“Şən və Hazırcavablar klubu”nun üzvü, Əməkdar artist Cabir İmanovun vəfatı ətrafında söz-söhbətlər bitmir.
Belə fikirlərə görə sosial mediada Əməkdar artistin doğmaları, yaxınları, səhnə dostları, onu sevənlər və ictimaiyyət nümayəndələri arasında fikir ayrılıqları yarandı.
Aktyorun dəfnindən sonra onun vəhhabi qaydası ilə dəfn olunduğu iddialar irəli sürüldü. Hətta qardaşı Tahir İmanovun çəkilişə icazə verməməsi bu iddiaları daha da gücləndirdi.
Jurnalist Elbəyi Həsənli isə Əməkdar artistin vəhhabi olması və sələfi məzhəbinin dini qayda və ayinləri əsasında dəfn edildiyi iddiasını səsləndirib.
“Yeni Sabah” bütün bu iddialara münasibət öyrənmək üçün Cabir İmanovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovla əlaqə saxlayıb.
Q.İmanov ona və doğmalarına başsağlığı verən hər kəsə təşəkkür edib:
“Allah bütün ölənlərə rəhmət eləsin. Başsağlığı verən hər kəsə təşəkkür edirəm. Bu mövzularla bağlı danışmaq istəmirəm. Belə şeylər yazanlara da demək istəyirəm ki, biz nə hayda, siz nə hayda?”.
Qeyd edək ki, C.İmanov sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.