EN

Çexiyada parlament seçkilərində ANO partiyası liderdir

Praqa, 4 oktyabr, AZƏRTAC

ANO partiyası Çexiyada keçirilən parlament seçkilərində qalib gəlib.

AZƏRTAC xəbər verir ki, bu partiya Ukraynaya yardımın azaldılmasına dəstək verməsi ilə tanınır.

Çexiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkilərində sabiq Baş nazir Babişin rəhbərlik etdiyi müxalifət mərkəzçi ANO partiyası 35% səs toplayaraq qalib gəlib. Hakim qərbyönlü koalisiya SPOLU 23% səslə ikinci yerdədir. Avropayönümlü STAN (11,1%) və “Piratlar” (8,7%), həmçinin sağ təmayüllü SPD (7,9%) və “Avtomobilçilər” (6,8%) partiyaları da yeni parlamentdə iştirak etmək hüququ qazanıb. Səsvermənin nəticələrinə görə, ANO qələbə qazansa da mütləq çoxluğu təmin etməyib və koalisiya hökuməti qurmağa məcbur olacaq.

Babişin rəhbərlik etdiyi ANO partiyası Ukraynaya hərbi yardımın azaldılması tərəfdarıdır və Kiyevin Aİ üzvlüyünə qarşı çıxır. Konkret olaraq, Babiş Çexiyanın Ukraynaya artilleriya sursatının tədarükü üçün “Çexiya təşəbbüsü” adlanan layihədə iştirakını dayandırmaq niyyətindədir. O, həmçinin Aİ-nin ekoloji gündəmini və miqrasiya paktını tənqid edir. Babişi tez-tez "Çex Trampı" kimi təqdim edirlər; o, dəfələrlə ABŞ Prezidentini “dost” adlandırıb.

ANO-nun potensial tərəfdaşları arasında avroskeptik və miqrasiya əleyhinə ritorikası ilə tanınan ifrat sağçı SPD partiyası da var. O, Ukraynaya hərbi və maliyyə yardımının və ukraynalı qaçqınların qəbulunun qəti əleyhinədir. Digər potensial müttəfiq isə Aİ-nin iqlim siyasətini tənqid edən sağçı “Avtomobilçilər” partiyasıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Chosen
46
2
azertag.az

3Sources