Danimarkanın kəşfiyyat agentliyi ölkəyə qarşı artan təhlükələr barədə ciddi xəbərdarlıq yayıb. Bildirilir ki, Rusiya Danimarkaya qarşı hibrid müharibəni gücləndirir və risk səviyyəsi getdikcə artır.
Musavat.com xəbər verir ki, Rusiya hərbi gəmiləri dənizdə Danimarka gəmilərinə qarşı radio-elektron basdırma vasitələrindən istifadə edir. Eyni zamanda, rus gəmilərinin “toqquşma kursu” ilə hərəkət etməsi təxribat xarakterli addım kimi qiymətləndirilir.
Kəşfiyyat agentliyi qeyd edib ki, bu cür hərəkətlər Danimarkanın milli təhlükəsizliyinə və bölgədəki sabitliyə ciddi təhdid yaradır.
Məsələyə münasibət bildirən Ağ Ev isə bəyan edib ki, ABŞ bu xəbərdarlığı ciddi qəbul edir və müttəfiqi Danimarkanın təhlükəsizliyinə yönələn hər hansı təhdidə diqqətlə yanaşır. Vaşinqton regiondakı sabitliyin qorunmasının NATO üçün prioritet məsələ olduğunu vurğulayıb.
Qeyd edək ki, son aylarda Rusiya ilə Qərb ölkələri arasında gərginlik, xüsusilə də Baltik dənizi ətrafında artmaqdadır.
Musavat.com