EN

“Siz gələcəyin memarları, sabahın liderlərini formalaşdıran dəyərlərin qoruyucularısınız” KOMİTƏ SƏDRİ

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

Dəyərli MÜƏLLİMLƏR!

Sizi 5 oktyabr “MüəllimlərGünü” münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!

Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdır.

Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir:

“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”

Ulu Öndərimiz Hеydər Əliyеv gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında müəllimin roluna yüksək dəyər verirdi. O qeyd edirdi ki, müəllim adı şərəfli addır, çünki cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli və vətənpərvər vətəndaşları yetişdirir. Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir.

Azərbaycan müəllimi daim fədakarlığı, səbir və məsuliyyəti ilə seçilmiş, bəzən bütün çətinliklərə baxmayaraq öz missiyasına sədaqət göstərmişdir. O, çox zaman səssiz, görünməyən, amma cəmiyyətin gələcəyini formalaşdıran ən güclü dayaqlardan biri olmuşdur.

Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş, cəmiyyətin mənəvi dayağı olmuşdur. Bu gün də müəllimlərimiz dövlətimizin inkişafı, xalqımızın rifahı, gələcək nəsillərin formalaşması üçün fədakarlıqla çalışırlar.

Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibədə torpaqlarımızı azad edərək xalqımıza Zəfər sevincini yaşatdılar. Vətən müharibəsində 427 müəllimin öz yetirmələri ilə çiyin-çiyinə döyüşlərdə iştirakı və 15 müəllimin şəhidlik zirvəsinə ucalması, müəllimin vətənə sədaqətinin, yetişdirdiyi gənclərin ruh yüksəkliyinin ən bariz sübutudur.

Bu qələbədə müəllimlərin əməyi danılmazdır, çünki onlar uzun illər ərzində vətən sevgisini, milli kimliyi, dözümlülük və məsuliyyət hissini formalaşdırmışlar. Bu, həm Azərbaycan müəlliminin, həm də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün Prezident İlham Əliyev və təhsilimizin hamisi Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən təhsil siyasətinin ən böyük nəticələrindəndir.

Bu gün qloballaşan dünyada baş verən sürətli dəyişikliklər - süni intellektin inkişafı, rəqəmsal texnologiyaların genişlənməsi, iqlim dəyişikliyi, sosial və iqtisadi transformasiyalar təhsilin qarşısında yeni çağırışlar qoyur. Müasir Azərbaycan müəllimi bilik ötürməklə, analitik düşüncə, yaradıcılıq, empatiya və vətənpərvərlik kimi keyfiyyətləri formalaşdıran lider olmaqla yanaşı milli-mənəvi dəyərlər prizmasından qlobal tendensiyaları da izləməli, şagirdlərə ömürboyu öyrənmə bacarığı, tənqidi düşüncə və texnoloji savad aşılamalıdır. Heç şübhəsiz ki, gələcəyin inkişafı üçün tələb olunan əsas bacarıqlar məhz bu gün sinif otaqlarında formalaşır.

Unutmayaq ki, güclü dövlətin əsası bilikli, düşünən və məsuliyyətli vətəndaşlardır. Onları yetişdirənlər isə məhz müəllimlərdi. Siz gələcəyin memarları, sabahın liderlərini formalaşdıran dəyərlərin qoruyucularısınız. Yüksək intellektli, bacarıqlı, vətənpərvər gənclərin yetişdirilməsi bizim ümumi amalımızdır. Qarşıda böyük işlər-Qarabağın bərpası, Azərbaycanın inkişafının yeni mərhələləri dayanır.

Əminəm ki, siz bu şərəfli missiyanı gələcəkdə də ləyaqətlə davam etdirəcək, Azərbaycanımızın daha parlaq gələcəyinə öz dəyərli töhfənizi verəcəksiniz. Siz həm də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarını qoruyaraq, onu gənc nəslin şüurunda möhkəmləndirəcək, milli kimliyimizə, dilimizə, mədəniyyətimizə, dövlətçiliyimizə sədaqət hissini təbliğ edəcəksiniz. Bu ideyalar əsasında yetişən hər bir gənc öz xalqına, dövlətinə bağlı, vətənpərvər, müasir dünyada rəqabətə davamlı və məsuliyyətli bir vətəndaşa çevriləcəkdir.

Bir daha Gününüz mübarək, əziz və dəyərli müəllimlər!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
azpolitika.info

1Sources