EN

Şlaqbaumlu həyatlar

Rayon yerlərində yaşayan dost-tanışlar söz düşəndə deyirlər ki, o şəhərdəki qarmaqarışıqlıda necə maşın sürürsünüz. Belə deyərkən, onlar tıxacları, sağdan-soldan soxulan sürücülərin yaratdığı xaosu nəzərdə tuturlar.

Onlara deyirəm ki, şəhərdə maşın sürmək çox da çətin deyil, daha çətini şəhərdə maşın saxlamaqdır.

“Maşın saxlamaq” deyəndə də bir çoxları elə bilirlər söhbət avtomobilin baxımından, yağını, yanacağını çatdırmaqdan gedir. Yox, söhbət avtomobili haradasa bir yerdə saxlamaqdan, dayandırmaqdan və bu zaman “dayanma-durma” nişanının tələblərinə riayət etməkdən, DYP-nin və AYNA-nın əlikameralı işçilərinin obyektivinə tuş gəlməməkdən gedir. Marqarita pizza

Çox çətindir. Yol getdiyin yerdə halın xarablaşsa, maşını saxlayıb, düşüb aptekdən dərman almaq istəsən, 6 manatlıq dərmanın pulunu verdiyin əsnada telefonuna mesaj gələcək ki, 60 manat cərimə edildiniz, hələ üstündə 2 kilo da bal yediniz. İnsafən, bu 60 manatın 6 manatlıq endirimi də olur və aptekdən aldığın dərman üstünə müftə düşür.

parki.jpeg (11 KB)

Dünən “Nərimanov” metrostansiyası tərəfdə 5-10 dəqiqəlik işim vardı, avtomobili saxlamaq üçün yer axtarışına diricə 15 dəqiqəm getdi, 3 dəfə dövrə vurdum, axırda arxa küçələrin birində, demək olar ki, səkidə düzəldilmiş parkinq yerində iki metrlik yer tapdım. O da ona görə ki, şansım gətirdi, bir nəfər sağ olmuş həmvətən (Allah ona kömək olsun, balalarını saxlasın, işlərini avand eləsin, xəstələrinə şəfa versin, qürbətdəki əzizləri sağ-salamat qayıtsın) dövrə vurduğumu görüb, “çıxıram, çıxıram” dedi, çıxdı, yerin halallığını da verib, getdi.

Yoxsa göz işlədikcə uzanan küçələrin sağı-solu avtomobillərlə doluydu. Yalnız hansısa ağaca velosiped söykəyə bilərsən. Həyətlərin hamısı da şlaqbaumludur. Amma siz elə bilməyin ki, başlıqda səhv olub, “Şlaqbaumlu həyətlər” olmalıdır. Yox, bu şəhərdə həyatlar şlaqbaumludur, içəriyə giriş yoxdur.

Şlaqbaumla bağlanmış həyətlər isə özlərini müstəqilliyini elan etmiş dövlətlər kimi aparırlar. İçəriyə yalnız viza ilə girmək olar. Ev yiyəsi viza sənədi göndərməlidir, ya da özü gəlib səni şlaqbaumda qarşılayıb aparmalıdır.

Əslində onları da qınamalı deyil. Belə etməsələr, özləri işdən qayıdanda öz həyətlərində avtomobil saxlamağa yer tapmazlar, parka, supermarketlərə, digər əyləncə məkanlarına gələnlər onların yerini tutar, düz saat 11-12-yə qədər boşaltmazlar. Ona görə də Bakı həyətləri öz müstəqilliklərini elan edib, həyətə giriş-çıxışı məhdudlaşdırıblar. Əslində sakinlər həyətlərin ətrafına tikanlı məftil də çəkdirə, ya da həyəti Trampın Meksika ilə sərhəddə tikdirdiyi 5 metrlik hasarla dövrələyə də bilərlər – qoy həyətin içi görünməsin. Hamının anası-bacısı var.

resize.jpeg (56 KB)

Paytaxtda həyatın bu cür dözülməz, çəkilməz olmasının günahını axtarsaq, bəlkə də gedib rəhmətlik Bakı meri Əliş Ləmbəranskiyə çıxacağıq. Hərçənd o kişinin dövründə Bakıda eycahanlıq idi, iki cüt bir tək avtomobil vardı, hər həyətdə iki-üç “Jiquli”, “Moskviç” olardı, ya olmazdı. Yollarda tıxac da yox idi, sıxlıq da, mıxlıq da.

Sovet hökuməti Bakını ona görə qapalı şəhər elan etmişdi ki, basırıq olmasın. Kənd uşaqları Bakıya yalnız oxumağa gələ bilərdilər, ya da neft buruqlarında işləməyə - o da xüsusi icazə və kvota ilə. Görünür, hökumət xalqın canındakını bilirmiş, anlayırmış ki, kəndliləri çar Rusiyasında olduğu kimi təhkimli kəndli kimi saxlamasa, boş buraxsa, şəhəri ləbələb dolduracaqlar.

Amma ötən əsrin 80-ci illərində vəziyyət xeyli dəyişdi. Şəhər uşaqları neft buruqlarında, tikintilərdə, karxanalarda, fabrik-zavodlarda işləmək istəmədilər, sənayeyə işçi qüvvəsi lazım oldu, ona görə də müəssisələr kənd yerlərindən gəlib “şəhərli” olmaq istəyənlərə yaşıl işıq yandırdı. Müstəqillik dövründə isə paytaxtın “qapalı şəhər” statusu ləğv edildi, “pulun varsa, istədiyin yerdə ev ala, tikdirə, yaşaya bilərsən” erası başlandı. Ondan sonra fərasətli adamlar gəldilər, yerləşdilər, kütləvi şəkildə əvvəlcə ev, sonra maşın (bəziləri tərsinə etdi, əvvəlcə maşın, sonra ev) aldılar və şəhər tədricən bu günə düşdü.

Bu yerdə qaçqın-köçkünləri də söhbətə qatmaq olar, amma ədalətli olmaz. Çünki Bakıda təxminən 80 rayonun “könüllü köçkünləri” var, namxuda, hamısı da maşın sürür.

problema-avtomobilnyh-probok.jpg (1.35 MB)

                                                3-4 ilə Bakımız belə olacaq

Beləcə, Bakı Kəlküttəyə, Şanxaya, Mumbaya dönüb. Müəyyən mənada “Banqkoka, Pattayaya dönüb” də demək olar, amma bu bir başqa söhbətin mövzusudur, bilənlər bilir.

Çıxış yolu hər ay 7-8 günlük bayram tətilləri təsis etməkdir. Bu şəhər yalnız bayram günlərində boş olur – on minlərlə insan ailə-uşağını avtomobiliə doldurub rayonlara gedir. (Musavat.com)


Telegram kanalımız
Chosen
6
1
yenisabah.az

2Sources