Abşeronda Tahirovlar ailəsinin 5 uşağı təhsildən kənarda qalıb. Buna səbəb hələ bu günə kimi onlara heç bir sənədin alınmamasıdır.
Redaktor.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ailə indiyə kimi sənəd almaq üçün heç bir quruma müraciət etməyib.
Əslən Lənkəran rayonundan olan Tahirovlar ailəsi illərdir sənədsizlik problemi ilə üzləşib. Hazırda Abşeron rayonunun Goradil kəndində məskunlaşan ailə çıxılmaz vəziyyətdə qalıb. Ailənin beş azyaşlı övladının heç birinin nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi var.
14 yaşlı Rasimə Tahirova, 13 yaşlı Ramal Tahirov, 12 yaşlı Emin Tahirov, 6 yaşlı Alixan Tahirov məktəbə gedə bilmir. 3 yaşlı Dərya Tahirova isə sənədsiz olduğu üçün bağçaya qəbul edilmir.
Ailənin qohumu Zenfira Abdullayeva uşaqların təhsildən yayındırılmasını belə izah edir:
“Ailənin imkanı yoxdu, kirayə qalırlar. Heç bir halda çatdıra bilmirlər. Mən də istəyirəm ki, bacımın nəvələri oxusun. 5 uşaqdır, heç birinin sənədi yoxdur. Ana da xəstədir”.
Uşaqların anası Günel Tahirova bildirir ki, uşaqları məktəbə getmək, oxumaq, həmyaşıdları kimi gələcək qurmaq istəyirlər. Amma sənədləri olmadığı üçün heç bir yerə qəbul edilmirlər.
Hüquqşünasların sözlərinə görə, vətəndaş özünün və ailə üzvlərinin hüquqi statusunu rəsmiləşdirmək məqsədilə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına müraciət edə bilər. Bununla bağlı heç bir əngəl yoxdur.
Daha ətraflı videomaterialda: